Yerli və xarici sənədli film mütəxəssisləri, rejissor və prodüserlərin birləşərək ərsəyə gətirdiyi KinoLab ilk proqrama qəbul elan edir.
OLAY yazır ki, KinoLab Azərbaycanın dörd bir yanından sosial mövzulu sənədli film layihələri üzərində çalışan rejissorlara layihələrinin erkən inkişaf mərhələlərindən başlayaraq dəstək olur.
Proqramın İcraçı Direktoru Oktay Namazov bildirib ki, gənc və yeni başlayan sənədli film rejissorları üçün əllərindən gələni etmək üçün çalışıblar:
“KinoLab ölkəmizdə sənədli filmin inkişafı və yerli rejissorların xarici prodüserlərlə, beynəlxalq sənədli film mühiti ilə tanış olması üçün əla fürsətdir.”
Qeyd edək ki, tədris proqramı ərzində iştirakçılar beynəlxalq təlimçilər, təcrübəli rejissorlar ilə birgə üç qısa rezidensiya və onlayn konsultasiyalar üzərindən film üzərində çalışmaq imkanı əldə edəcək. Təlim proqramı bir çox beynəlxalq mükafatların laureatı olan rejissor, kurator, və təcrübəli təlimçi Nino Orconikidzenin rəhbərliyi ilə keçiriləcək. Onun mentorluğu ilə yanaşı qonaq məruzələri, montaj və pitçinq təlimləri layihənizin təkmilləşməsində sizə kömək olacaq. Proqramın son mərhələsində iştirakçıların hər biri jüri qarşısında öz layihəsinin pitçinqini keçirmək şansı əldə edəcək.
Pitçinqin qalibi layihəsinin gələcək inkişafına dəstək məqsədilə 1000 dollar (iki fərqli layihə qalib olarsa, bu məbləğ yarıya bölünəcək) həcmində pul mükafatı alacaq. Bundan əlavə seçilmiş hər bir layihəyə 250 dollar məbləğində iştirakçı ödənişi nəzərdə tutulub.
KinoLab innovativ, müyəssər, və sosial reallığı sorğulayan qeyri-bədii hekayələr axtarışındadır, eyni zamanda artıq inkişaf mərhələsində olan layihələrlə də işləməyə açıqdır. Sənədli filmin sərhədlərini sorğulayan yanaşmalarla işləmək maraqlı hesab edilsə də, sırf bədii filmlər qəbul edilməyəcək. Müraciət formu və şərtlər üçün Kinolab.az saytına keçid edə bilərlər.