İncəsənət
İncəsənət

Bu sərginin açılışı keçirilib

Bu sərginin açılışı keçirilib

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərginin açılışı keçirilib. 

OLAY yazır ki, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərginin açılışında rəsmilər, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. 

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək bildirib ki, tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycanın incəsənətinə həsr edilmiş sərgidə Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı xalçalar" qalereyasının kolleksiyasından təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növlərinə aid eksponatlar, foto və tarixi sənədlər, numizmatika nümunələri yer alıb. 100-ə yaxın eksponatın təqdim olunduğu sərgidə əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar da nümayiş etdirilir.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin Vətən müharibəsində Prezident İlham Əliyevin komandanlığı ilə torpaqlarımız işğaldan azad edildi. Ulu öndər Heydər Əliyev zamanı gəldiyində soydaşlarımızın Qərbi Azərbaycana – doğma yurdlarına qayıdışının reallaşacağına inamını ifadə edirdi. Prezident İlham Əliyevin dediyi “bir gün Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına sülh yolu ilə qayıdıb orada yaşayacaqlar" fikri reallaşacaq. 

Qeyd olunub ki, sərgi Qərbi Azərbaycan mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və tarixi yaddaşın yenilənməsinə, bu qədim mədəni mirasın dünyada tanıdılmasına töhfə verəcək: “Qərbi Azərbaycan regionu tarixi-mədəni abidələrlə zəngin olub. Lakin onların bir çoxu bədnam qonşularımız tərəfindən vandalizmə məruz qalıb, dağıdılıb, bəziləri isə saxtalaşdırılıb. Bu proses 100 il ərzində sistemli xarakter daşıyıb. Azərbaycanlıların sonuncu, 1988-ci il deportasiyasından sonra isə bu proses kulminasiyaya çatıb. Məhv edilən dəyərli abidələr haqqında bugünkü sərgidə ətraflı vizual material təqdim olunacaq. Azərbaycan memarlığının seçilən nümunələrindən olan və şəhərsalma adı altında məhv edilən İrəvandakı Sərdar Sarayı haqqında məlumat veriləcək. Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edərək yeni reallıqlar yaradıb. Yeni reallıqlar yeni imkanlar deməkdir. Bu isə Qərbi Azərbaycandan olan soydaşlarımızda böyük ümidlər yaradır. Biz inanırıq ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində soydaşlarımız yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaq, yenidən qurub-yaradacaq, mədəniyyətimizə mühüm töhfə verəcəklər”. 

Sərgini böyük mədəniyyət hadisəsi kimi səciyyələndirən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib: “Qərbi Azərbaycan məsələsi hər bir azərbaycanlının ümummilli davasıdır. Prezident İlham Əliyevin yürütdüyu siyasət bizi o torpaqlara qaytaracaq".

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. 

Sərginin ekspozisiyasında ölkəmizdəki muzeylərin tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə İrəvandakı Sərdar Sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri foto proyeksiya ilə canlandırılır. Təqdim olunan arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Ekspozisiyada həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan saray üçün işlədiyi pannolarının surətləri və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunur.

Sərgidə tanınmış realist rəssam Bəhruz Kəngərlinin erməni daşnaklarının ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi "Qaçqınlar" silsiləsi də təqdim edilir.

Səfəvilər dövründə İrəvanda zərb olunan qızıl, gümüş, mis sikkələr, həmçinin İrəvan xanlığına aid bayraqların surətləri, İrəvanda yaşamış məşhur ziyalı nəsillərin nümayəndələrinin evlərini bəzəmiş sənət nümunələri də sərgidə yer alır. Milli İncəsənət Muzeyində "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi gələn il fevralın 28-dək ziyarət üçün açıq olacaq.