Mayın 26-da YARAT incəsənət mərkəzində Xalq artisti, rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin təqdimat mərasimi keçirilib.
OLAY yazır ki, mərasimdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O, rejissor Vaqif Mustafayevin yaradıcılığı haqqında danışıb, filmin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkür edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Oqtay Mirqasımov, yazıçı-publisist Əlisəfdər Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Cabbarov Vaqif Mustafayevin zəngin yaradıcılığı və ekranlaşdırdığı filmlərin özünəməxsusluğu, kino estetikası barədə çıxış ediblər.
Gecədə çıxış edən Vaqif Mustafayev ekran işinin birincisindən fərqli olaraq yumoristik süjet xəttinin olmağına irad bildirənlərə cavab verib:
“Oğlum Rasimlə Cənab Prezidentin üçtərəfli görüşdə çıxışına baxdıq. Ata və oğul müxtəlif nəsillərdənik. Lakin eyni maraqla gözlərimizi bərəldib, Prezidentimizə baxıb, fəxr edirdik. Bilirsiniz nəyə fikir verdim? İnsanda nə qədər qüvvə olmalıdır ki, Ermənistanın baş nazirinə başqa cavab verməsin və gülməsin. O güclə gülüşünü saxlayırdı. Mən anladım ki, düz yoldayam, yəni ironik yanaşmaq lazımdır. Bunlar hamısı - Prezidentləri də, katalikosları da gülməlidir. “Böyük Ermənistan” haqda danışanda yalnız gülüş yaradırlar. Mən düz yoldayam”.
Sonra “Həyat, deyəsən, gözəldir” filmi təqdim olunub.
Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.