Əməkdar artist Ülviyyə Əliyeva növbəti dəfə Akademik Musiqili Dram Teatrının direktoru Əliqismət Lalayevlə qalmaqalı haqda danışıb.
OLAY yazır ki, bu barədə o, “MediaPost”a açıqlama verib.
Aktrisa söyləyib ki, mətbuata açıqlama vermədən əvvəl dəfələrlə öz şikayətini Ə. Lalayevə bildirib:
“25 ildir ki, teatrda çalışıram, Əliqismət Lalayev də 16 ildir direktorluq edir. Soruşmaq lazımdır, bu 16 ildə Ülviyyə Əliyeva üçün nə edilib? Heç nə. Bu sənətdə kimsə ilə konfilitkim olmayıb. Bu illər ərzində 3 teatrda çalışmışam. Hər zaman yüküm olub. İndi həm Akademik Musiqili Dram Teatrında, həm də Kukla teatrında çalışıram. Biri deyə bilməz ki, Ülviyyənin kiminləsə konfilitkti olub. Hər zaman başımı aşağı salıb, halal zəhmətimlə çalışmışam. Bu çıxışlarımdan sonra heç nə gözləmirəm. Olan-qalan qapılar da mənim üçün bağlandı. Lakin bıçaq sümüyə dayananda insan danışmaq istəyir. Fəxri adlarda, mükafatlar veriləndə dəfələlərlə ona yaxınlaşdım. Dedim, Əliqismət müəllim, söyləyirsiz ki, istedadlısan, bəs nə vaxt dəyərləndirəcəksiz? Deyirdi, səbr et. Sonuncu dəfə yaxınlaşanda dedi ki, gözlə, səndən əvvəl gələnlər var. Fikirləşdim ki, düz deyir. Məndən öncə gələnlər var. Lakin sonra gördüm ki, məndən sorna çalışmağa başlayanlar, hətta 4-5 ildir işləyənlər mükafat alırlar.
Yaxşı da edirlər, onlar üçün sevinirəm, istedadlıdırlar. Düşünməsinlər ki, bu çıxışlarımla kimlərəsə qarşı çıxıram. Nə yaxşı ki, gənc yaşlarında əziyyətlərinin bəhrəsini görürlər. İstəmərəm ki, kiminləsə üz-göz olum. Bu gün özümə görə də sevinmək istəyirəm. Qınaya bilərlər ki, niyə bunu direktorun özünə deməyibsən. Dəfələrlə demişəm. Artıq onun qarşısında alçalmaq istəmirəm. Mənim istedadım var və göz qarşısındadır. Bu çıxışları etdikcə xəcalət çəkirəm. İstəməzdim ki, tamaşaçılar bizi belə görsün. Bu gün barmaqla sayılacaq qədər tamaşam qalıb. Həmin yüklü Ülviyyə Əliyevadan Musiqili Teatrda heç nə qalmayıb. Tamaşa çoxdur deyirlər. Amma elə tamaşalar var ki, olmasa yaxşıdır. Tamaşaçı gəlir, gileylənir gedir. Ondansa yaxşıları qurun oynayaq. Səsimi çıxarmasam, sabah nə olacaq? Digər aktyorlar kimi, susdular, indi də yaşlanıblar, deyirlər gənclər oynasın. Bu gün səsimlə, potensialımla imkanlarımı səhnədə göstərmək istəyirəm”.
Aktrisa söyləyib ki, teatrda bəzi tamaşalarda kostyum çatışmazlığı yaşanıb:
“Əvvəl bizdə belə problemlər yox idi. Aktyora kostyum tikməmək nədir? 1990-c illərin sonu 2000-ci illərin əvvəli deyil ki. Son zamanlar teatra böyük diqqət var. Şərait yaradıblar. Hər il dövlət büdcəsindən pullar ayrılır, tamaşalar verilir. “Bəxtiyar” tamaşasında kostyum olmadı. Dövlət sifarişli tamaşa deyildi. Belə olanda rəssam repertuarda olmayan tamaşanın paltarını verirdi, geyinirdik. Bu dəfə paltar yox idi. Məcbur oldum ki, “5 manatlıq gəlin” tamaşasında geyindiyim paltardan istifadə edim. Toxunmuş jaket geyindim üstdən ki, tamaşaçının gözünə batmasın. İstəmirəm, düşünəsiz ki, imkansızlıqdan mükafat verilməsini istəyirəm. İki teatrda işləyirəm, maaşımı alıram. Halal zəhmətimlə qazanıram. Lakin bu dəyərdir, situmuldur. Əziyyətimin bəhrəsini görməkdir. Allah tamaşaçı sevgisini mənə çox görməsin. Direktor deyə bilər ki, Bədi şura fəaliyyət göstərir. Lakin Bədii şura üzvləri özləri deyə bilərlərmi, ya yox. Adda var, fəaliyyətə gələndə yoxdur. Bütün qərarları direktor verir, möhür onun əlindədir”.