İncəsənət
İncəsənət

Stalin bəyənmədiyi üçün qadağan edilən filmimiz

Stalin bəyənmədiyi üçün qadağan edilən filmimiz

Bu il “Bir ailə” tammetrajlı bədii filminin nümayiş olunmasının 80-ci ili tamam olur.

OLAY yazır ki, dram janrında olan filmin rejissoru Qriqori Aleksandrov, ssenari müəllifləri Mir Cəlal Paşayev, Lev Vaysenberq və İosif Prut, əsas rolların ifaçıları Xosrov Məlikov, Mərziyə Davudova, Lyubov Orlova, Pyotr Jarikov, Antonina Filippovadır.

Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.

Birinci novellada azərbaycanlı döyüşçü - tankçı Nəcəf məzuniyyət vaxtı təsadüfən ailənin qonağı olur. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Filmin qəhrəmanı ilə evin gənc qızı arasında məhəbbət hissi yaranır.

İkinci novella arxa cəbhədə olan qadınlardan bəhs edir: Nəcəfin anası neft qazma platformasına işləməyə gedir, yeni bir iş öyrənir və istehsalata gələn gənc qızları işə həvəsləndirir.

Üçüncü novella dalğıc Məmmədin neft borusundakı deşiyi necə qəhrəmancasına bağladığını göstərir.

Filmin nümayişi 1953-cü ilə kimi, yəni Stalin vəfat edənə qədər qadağan olunmuşdu. Filmin qadağan edilməsinin əsas səbəblərdən biri Stalinin filmi bəyənməməsiydi. Onun fikrincə, burada sovet xalqının alman işğalçıları ilə mübarizəsi zəif əks olunmuşdu. Sovet dövründə film yalnız bir dəfə - 1943-cü ilin payızında Moskva Kino Evində nümayiş etdirildi. Kütləvi nümayişə çıxarılmadı: senzura qərara gəldi ki, rejissor xarici təsirlərə çox düşüb və sovet xalqının nasistlərlə mübarizəsini kifayət qədər işıqlandırmayıb.

1 mart 2018-ci ildə Mir Cəlalın 110 və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə filmin Nizami Kino Mərkəzində bərpa edilmiş variantının təqdimatı keçirilib.

Film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.