İncəsənət
İncəsənət

“Mədəniyət Nazirliyinin kinodan anlayışı yoxdur”

“Mədəniyət Nazirliyinin kinodan anlayışı yoxdur”

Rejissor və ssenarist Pərviz Həsənov Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi yazı yazıb.

OLAY yazır ki, hətta həmin məqaləni Azərbaycan Kinematoqrafçılar İttifaqı da paylaşaraq “Gənc kinematoqrafçıdan bayram təbriki” şərhini əlavə edib.

Sözügedən mətni ixtisarla təqdim edirik:

Ozan dili yüyürək olar deyiblər... Bizim nazirlik hardan bilsin ozan nə deməkdi? Hələ yüyürək sözünü heç bilməz. Əslində, sözlər öz dilimizdədir, amma təəssüf olsun ki, biz nazirliklə ayrı dillərdə danışırıq. Çox hörmətli Mədəniyyət Nazirliyi, ümumiyyətlə, nə etmək fikriniz var kino sahəsi ilə bağlı? Əgər qarşınıza məqsəd qoymusunuzsa ki, kino sahəsini məhv edəsiniz, deyim ki, alınıb. Uğurla addımlayırsınız!

Azərbaycanda, sabah çox demirəm 5 tammetrajlı bədii film istehsalata buraxılsa, nə baş verəcək deyə bilərsiniz? O filmləri istehsal edəcək mütəxəssis tapılmayacaq. Söhbət tək rejissordan getmir. Film istehsalına aid olan bütün mütəxəssilər bura aiddir. Prodüser qrupundan tutmuş, rəssam qrupuna kimi, protexnikdən tutmuş, kaskadyor qrupuna qədər. Geyim rəssamı qrupundan tutmuş, texniki qrupa qədər…

İnsafən bu prosesi siz başlamamısız, nə yalan deyim. Sizdən əvvəlkilərin zamanında başlamışdı. Amma məhərrəmlikdi yalan danışmıyım. İmam üçün ağlayanda, Yezid üçün də ağlamaq lazımdı. Sizin də bu prosesdə az əməyiniz yoxdur. Danmaq olmaz. Xülasə, bu kino adamları haradadır, nə edir xəbəriniz var? Bilirəm ki, yoxdur. Nəzərinizə çatdırım ki, kino yaradıclıq olduğu qədər həm də istehsalat sahəsidir. Kinonun digər incəsənət növlərindən səciyələndirən də məhz budur. Apardığınız kino siyasəti nəticəsində o adamların hərəsi bir tərəfə pələsəng oldu.

O adamlar ki, neçə illər ərzində yetişmişdi. Özü də, çətin şəraitdə. Bu ölkədə kino varsa, ancaq fədakar adamların sayəsində var. O kinonun sizə heç bir dəxli yoxdur. Niyə istehsalatdan yazdım? Çünki anlayışınız yoxdur. Məqsədim sizi aydınlatmaqdır. Sizə görə çalışıram. Film istehsalını bilmirsiniz. Dediyimi nazirliyin kinoya aid bütün əməkdaşlarına istənilən şəraitdə isbat etməyə də hazıram, yaxşı day küsməyin, böyük əksəriyyətinə. Bildiyiniz 2-3 xarici termindir. O da ki heç kimə lazım deyil sizdən başqa. Heç kim başa düşümür.

Keçirilən müsabiqələrin nəticələri necə olacaq? Qaliblər ancaq qalib olaraq qalacaqlar? Arada müsabiqə-zad keçirirsiniz. O qədər müsabiqə keçirilib və niyə qalib ssenarilər istehsalata buraxılmır?

Siz allah “ssenari fondu yaradırıq” – cümləsini deməyin, adamın əti tökülür. Sizin yerinizə cavab da verirəm. Day nə istəyirsiz? Qədrimi bilin. Çünki dəqiq bilirəm ki, bu cümləni daha doğrusu nağılı danışacaqsınız. 2019-cu ildə keçirlmiş ssenari müsabiqəsində qalib olan ssenarilərin aqibəti nə yerdədi? Daha sonra keçirilən müsabiqələrdə qalib olan ssenarilər bəs? 2019-cu ildə istehsalata buraxılan filmlər niyə dayandırıldı? (Pərvizin də orada filmi var idi ona görə bu yazını yazıb, yoxsa yazmazdı) Halbuki dəfələrlə şəxsən soruşmuşam. Sizi necə gözəl tanıyıram görürsünüz? Söz deyəndə də susursunuz. Çevrilib olursunuz Allah qəni-qəni rəhmət eləsin, Tarkovskinin filmlərinin kadrları. Uzun və hüznlü sükut…

Qayıdaq yenidən 2019-cu ilə. O filmlərin aqibəti necə oldu? Necə ola bilər ki, istehsalata buraxılmış və istehsalat prosesinin 50 faizi yekunlaşmış filmlər dayandırılsın? Hansı səbəbə? O zaman bu qədər pul niyə xərcləndi? Özü də qeyd edim ki, o filmlər Ölkə başçısının ehtiyat fondundan maliyyələşmidi. Ölkə başçısının xüsusi tapşırığı ilə. Sağ olsun, Xalq artisti Mehriban Zəki yenə o dilə gəldi Ölkə başçısının qarşında. Əslində, o, deməli deyildi heç. Orada çox dəyərli və hörmətli kinoya illərini vermiş Xalq artisti Şəfiqə Məmmədova var idi. O da sağ olsun kinonun problemini öz ittifaqının binasızlığı kimi təqdim elədi. Kinonun problemi ittifaqın binasının olmamağıdı? Hansı məntiqlə? O da özünə bəlli ola bilər ancaq.

Ümumiyyətlə, o ittifaqın yer problemi var. Yarandığı gündən heç cür özünə yer tapa bilmir.

Heç bir səbəb demədən, arqument gətirmədən və müəlliflərə xəbər etmədən filmlərin istehsalatını dayandırdınız. Yaxşı, 2019-cu ilin başını buraxdıq. Niyə film istehsal olunmur? Səbəb nədir? İstehsal olunan filmlər niyə ortalığa çıxmır? Niyə ancaq “master klass” ilə baş qatırsınız? Çox sual verdim, bilirəm yoruram. Amma siz heç nə eləməyəndə mən də sual verməliyəm. Yaranan gündən onlarla gənc sənət adamına şərait yaradılmışdı o studiyada. Film istehsalını öyrənirdi gənclər. Proses gedirdi. Nə baş verdi? Neçə ildi heç nə çəkmir. Bəlkə də çəkir amma ürəyində. Mozalan studiyası var. O da eyni aqibətdə. Böyük ehtimal o da ürəyində çəkir. Animasiyadan söz belə gedə bilməz. Əgər bu studiyalar fəaliyət göstərmirsə, səbəb nədir? Maliyyə problemi ola bilməz. Biz kasıb ölkə deyilik. Əgər Maliyyə Nazirliyi vəsait ayırmırsa, niyə məsələ qaldırmırsınız?

Ölkədə film istehsalı yoxdur, amma fəxrlə tədbir keçirisiz. Sənət adamları var olduğu üçün, Mədəniyyət Nazirliyi var və sizin borcunuzdur ki, sənəti – kinonu himayə edəsiniz. Amma borcunuzu yerinə yetirmirsiniz”.