“Tez-tez teatrın yanında həmişə aktyorların əyləşdiyi yerə gələrdi. Sonuncu dəfə orada gördüm. Dedim ki, Ramiz müəllim teatra gedirsizsə, yolu keçməyə kömək edim. Dedi, yox, avtomobilinə tərəf yollandı. Onda hiss etdim ki, Ramiz müəllimin vəziyyəti pis idi, xəstələnib”.
Bu sözləri OLAY-a dünyasını dəyişən Xalq artisti haqqında danışan Əməkdar artist Elşən Rüstəmov deyib. O bildirib ki, mərhumu sonuncu dəfə 1 ay əvvəl görüb:
“Təxminən 1 ay əvvəl idi. Bizim kollektiv mütəmadi olaraq ona zəng edirdi. Səhhəti ilə bağlı Ramiz müəllim çox nikbin insan idi. Həmişə bizə ürək-dirək verirdi ki, hər şey yaxşı olacaq, gəlib tamaşalar oynayacam. Həm istəmirdim əhvalımız korlansın. Ancaq nikbin idik ki, gələcək və nə vaxtsa bu səhnəni yenidən bölüşəcəyik. Elə mərhələlər olurdu ki, doğrudan sağalırdı, müalicə alırdı. Bizdə də ümid yaranırdı ki, Ramiz müəllim gələcək, yaxşı olacaq.
Sonra yenə deyilirdi ki,, Ramiz müəllimin səhhəti yaxşı deyil. Sonra elə bir vəziyyətə gəldi ki, belə oldu. Azərbaycan teatrı böyük aktyoru, insanı itirdi. Xüsusilə də gənc aktyorlara qarşı çox həssas idi. Bizim hər tamaşamıza baxırdı, sonra müzakirə edirdi. Nə çatışmırdı, nə yaxşı idi, onu deyirdi, kiçik uğurumuza da sevinirdi.
Yadımdadır ki, Prezident mükafatına layiq görüləndə birinci zəng edən o oldu. Ürəkdən, sevinclə təbrik etdi. Hətta sonradan eşitdim ki, mükafat aldığım açıqlanmamışdan əvvəl dostlarına zəng edib ki, görəsən, Elşən mükafat aldı, ya yox. Ramiz müəllimlə çox xatirələrimiz var. Çox təəssüf ki, hər şey yarımçıq qaldı. Çox səmimi, gözəl insanı itirdik”.
Dilşad Bəhruzqızı