Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dən haqqlarında yayılan iddialara cavab verilib.
OLAY yazır ki, bu barədə AzTV-nin rəsmi səhifələrində məlumat paylaşılıb.
“Son zamanlar bəzi “peşəkar həmkarlarımız” yeni ilin gəlişi ilə ya mövzu çatışmazlığı səbəbindən, ya da sadəcə sensasiya xətrinə AzTV haqqında yenidən silsilə yazılara start verib. Budəfəki mövzu isə QSC əməkdaşlarının maaş və qonorarı ilə bağlı gülünc və əsassız iddialardır. Bizi bizdən çox düşünən həmin media mənsublarına demək istərdik ki... AzTV ilə bağlı mövzu axtarırsınızsa, sizi QSC-yə dəvət edirik. Gəlin və QSC-dəki yeniliklər: Elektron Arxiv Sisteminin qurulması; 50 ilə yaxındır işıq üzü görməyən filmotekanın materiallarının elektronlaşdırılması prosesi.
“Tam məxfi” serialının çəkilişləri, eləcə də bu il yayımlanacaq lisenziyalı yarışların çəkilişinə dair maraqlı materiallar hazırlayın. Obyektiv, qərəzsiz və ən əsası, ədalətli olun. Özünə və oxucusuna hörmət edən, bir sözlə, peşəkar jurnalist məhz bu prinsiplərlə yaşamalı və çalışmalıdır. Bir qurumda əməkdaşların yüksək maaş alması həmin qurumun uğurlarından xəbər verən əsas keyfiyyətlərdəndir. Biz də AzTV olaraq buna çalışırıq və inanırıq ki, bu gün AzTV əməkdaşlarının həmin saytlarda iddia olunan fantastik maaş və qonorarları nə zamansa real olacaq. Hələliksə bu yazılara QSC olaraq sadəcə gülür və bizi güldürdüyünüz üçün də sizə minnətdarıq.
Ən nəhayət… Əziz və dəyərli həmkarlar, əgər kimdəsə AzTV-də yol verilən hər hansı qanun pozuntusu barədə məlumat varsa, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq xahiş edirik ki, müvafiq orqanlara, həmçinin hazırda QSC-də maliyyə yoxlamalarına başlayan Hesablama Palatasına bildirin. Daim bizi düşündüyünə və QSC daxilində ən xırda hadisəni belə “xüsusi” olaraq diqqətdə saxladığınıza görə isə “həmkarlarımıza” bir daha xüsusi təşəkkür edirik”, - deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və mediada QSC əməkdaşlarının maaşlarını sədr Rövşən Məmmədovun mənimsəməsi barədə iddialar yayılmışdı.