İncəsənət
İncəsənət

“Çıxış yoxdur!” yenidən nümayiş olunacaq

“Çıxış yoxdur!” yenidən nümayiş olunacaq

Ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrında Nobel mükafatçısı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış “Çıxış yoxdur!” adlı tamaşa nümayiş ediləcək.

Teatrdan OLAY-a verilən məlumata görə, səhnə əsərinin nümayişi yanvarın 18-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində olacaq.

Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapı arxasında” adlı pyesində ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edilir. Bu, Sartrın ən aktual pyeslərindən sayılır və yazıçı haqqında araşdırmaların istiqamətini müəyyən edir. Bağlı qapıları olan geniş bir otaqda üç tamamilə fərqli insan var. Onlar tanış deyillər və bir-biriləri ilə heç bir əlaqələri yoxdur. Halbuki onların hər biri digərinin cəlladıdır və otağın özü cəhənnəmdən başqa bir şey deyil.

Qeyd edək ki, fəlsəfi-dramın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.