Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olub.
OLAY yazır ki, bu münasibətlə F. Əmirovun Fəxri Xiyabanda məzarı ziyarət edilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətkarın ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Xatırladaq ki, Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Əsasını qoyduğu simfonik muğam janrı “Şur”, “Kürd ovşarı” və “Gülüstan – Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.