İncəsənət
İncəsənət

“Fikrət Əmirov – 100” Musiqi Festivalı olacaq

“Fikrət Əmirov – 100” Musiqi Festivalı olacaq

Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verir.

Nazirlikdən OLAY-a bildirilib ki, festival çərçivəsində noyabrın 12-dən 23-dək Bakı və Gəncə şəhərində silsilə konsertlər, tamaşalar və müvafiq tədbirlərin icrası planlaşdırılır. Belə ki, noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, noyabrın 13-də teatrın kollektivi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bəstəkarın “Sevil” operasını təqdim edəcək. Noyabrın 18-də eyni məkanda Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabrın 15-i Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, 17-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək. Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Vokal musiqisi axşamı təşkil olunacaq.

Noyabrın 22-də Heydər Əliyev Sarayında bəstəkarın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.