Dünyaca məşhur rus model İrina Şeyk 2 min rubl (təxmini 50 manat) məbləğindəki borcunu ödəmir.

OLAY yazır ki, Rusiya məhkəmə icraçıları İrinadan borcun tutulması cəhdlərini dayandırıblar. Məlumata görə, ulduzun dörd il ərzində tapılması mümkün olmadığı üçün icra işi dayandırılıb.

Borcun tarixi Şeykin hələ Çelyabinsk vilayətində yaşadığı dövrə gedib çıxır. Həmin vaxt vergi orqanları ona 322 rubl məbləğində kiçik borc hesablayıb. Zaman keçdikcə bu borc təxminən 2 min rubla qədər artıb.

Simvolik məbləğə baxmayaraq, məsələ icra işinə qədər çatıb. Yemanjelinsk şəhərinin icraçıları modelin yerini müəyyən etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Çünki, Şeyk artıq uzun müddətdir ki, xaricdə yaşayır, beynəlxalq karyera qurur və qızını böyüdür. Nəticədə, borclunun Rusiyada əmlakı və ya vəsaiti olmadığı üçün icra işi rəsmi şəkildə dayandırılıb.