Hollivudun ən məşhur aktyorlarından biri olan və yeni “Hörümçək-adam” filmi ilə dördüncü dəfə ekranlara qayıdan Tom Hollandın “Hörümçək-adam: Tamamilə Yeni Bir Gün” filmindən əldə edəcəyi gəlir ağızları açıq qoyub.
OLAY yazır ki, 30 yaşlı ulduz aktyorun yalnız bu filmdən 100 milyon dollardan çox qazanacağı gözlənilir. Tom Hollandın “Sony Pictures” və “Marvel Studios” ilə müqaviləsi barədə məlumatlı olduğu iddia edilən bir neçə mənbənin sözlərinə görə, aktyor filmdəki baş roluna görə ən azı 20 milyon dollar əsas qonorar alıb.
Əsas qonorarla yanaşı, müqavilənin digər şərtlərinə əsasən, Holland filmin kassadakı gəliri və müxtəlif bonuslar hesabına əlavə ödənişlər də əldə edəcək. Nəticədə filmin kinoteatrlardakı nümayişi başa çatdıqdan sonra aktyorun ümumi qazancının 100 milyon dollara çatacağı, hətta bu məbləği keçəcəyi gözlənilir.