İtalyan moda brendi "Dolce & Gabbana" yeni moda nümayişi üçün model seçimi ilə bağlı irqçilikdə ittiham olunub.

OLAY yazır ki, bu səbəbdən TikTok sosial şəbəkəsində brendi tənqid edən çoxsaylı videolar yayılıb.

Milanda "Dolce & Gabbana"nın yeni kişi kolleksiyasının — “Portrait of a Man” (“Kişi portreti”) adlı defilesi keçirilib. Sosial şəbəkə istifadəçiləri nümayişdə əsasən oxşar tipajlı ağdərili kişilərin iştirak etdiyini vurğulayaraq, bunu kastinqdə irqi bərabərliyin olmaması və inklüzivlik prinsiplərinin nəzərə alınmaması kimi qiymətləndiriblər.

“Defiledə nə asiyalı, nə qaradərili, nə də ərəb model var idi. Hətta blondlar belə dəvət olunmamışdı”, — deyə blogerlərdən biri modellərin eyniliyinə etiraz edib. Onun videosu qısa müddətdə viral olub, təxminən bir milyon baxış və çoxsaylı tənqidi şərhlər toplayıb. Bloqer "Dolce & Gabbana"nın yeni nümayişi üçün model seçimini istehzalı şəkildə “ağ rəngin 50 çaları” adlandırıb.

Tənqidlərə ABŞ-lı, fələstin-hollandiya əsilli supermodel Bella Hadid də qoşulub. O, Instaqram sosial şəbəkəsindəki paylaşımlardan birinin altında belə yazıb:

“İnsanların bu brendi hələ də dəstəkləməsinə şokdayam. Bu, biabırçılıqdır. Modellər, stilistlər, kastinq — bütün bu proses ləğv edilməlidir. İllərlə davam edən irqçilik, seksizm, dözümsüzlük, ksenofobiya… Onların davranışına hələ də necə təəccüblənə bilirik?”.

Bununla yanaşı, istifadəçilərin bir qismi brendi müdafiə edərək bildirib ki, nümayiş İtaliya modasının tarixi mərkəzi olan Milanda keçirilib. Onların sözlərinə görə, kolleksiya əvvəlcədən klassik italyan cəntelmeninin bədii obrazı kimi düşünülüb və İtaliyanın ənənəvi estetikası, kinematoqrafiyası və mədəni kodlarına istinad edir. Müdafiəçilər hesab edirlər ki, bu kontekstdə model seçimi diskriminasiya cəhdi deyil, məhz nümayişin konsepsiyasını əks etdirib.

Qeyd edək ki, məşhur italyan moda evi "Dolce & Gabbana"nın qurucuları Domeniko Dolce və Stefano Gabbana qalmaqala səbəb olan bu mövzu ilə bağlı hələlik hər hansı açıqlama verməyiblər.