Arı
Arı

Gülşen olmağa çalışan Simgenin itirdiyi Sezen havası...

Gülşen olmağa çalışan Simgenin itirdiyi Sezen havası...

Simge Sağın Türkiyədə son illərin ulduzu parıldayan müğənnilərindədir. 

Əslində, Simge fəaliyyətinə 2000-ci illərdən başlasa da, onun populyarlaşması 2010-lara təsadüf edib. İlk başladığı illərdə Zeynep Dizdar, Demet Akalın, Gülşen kimi simaların bek-vokallığını öz öhdəsinə götürüb.

Elə yazımızın kilid adlarından biri də Gülşendir... Bu mövzuya sonra qayıdaq. 2011-də Erdem Kınayla bərabər albom hazırlayan Simgenin mahnıları səs gətirməyib. Elə ki, o, 2014-də “Bip-bip” adlı klipini yayımlayır.... Və popun yeni simasının gəlişi  bundan sonra eşidilir. 2015-də “Miş miş”lə rəqiblərini geridə qoyur.

Sezen Aksudan təsirləndiyini deyən ifaçı 2016-da məhz Sezenin imzasını daşıyan “Yankı”nı təqdim edib. Onun ardınca “Üzülmedin mi”, 5 il sonra trend olan “Aşkın olayım”, yenə Sezenin qələmindən çıxan “Öpücem” hiti və sairə...

Amma Simgenin karyera idarəsində yol verdiyi bir səhv var. Ən azından bu, mənim və bir çox izləyicisinin fikridir.

Ona görə ki, ifaçı bir vaxtlar bek-vokalliyini etdiyi Gülşendən çox təsirlənir. Xüsusilə də müğənni səhnə geyimlərində və tərzində həmkarından ilham alır. Gülşen tərzində üst geyimlər, dekolteli libaslar, sarı saçlar... Bunlar hamısı Sağını ikinci plana atır. Sanki səhnədə ikinci Gülşen varmış kimi hiss etdirir. 

Halbuki onun “Miş-miş” klipindəki rəngarəng tərzi, digər layihələrindəki stili tam olaraq Simge Sağını təqdim edirdi. İndi isə Simge proporsiyalarına, boyuna uyğun olmayan geyimlər, dizaynlarla necə vulqar görünə biləcəyinin fərqinə varmır. Hə, Gülşen geyinir, amma ona yaraşır. Həm də ki, türk popunun ikinci Gülşenə ehtiyacı yoxdur axı. Səhnədə hərə öz tərzində gözəldir.

Buna da baxmayaraq, Simge deyirsə ki, kiminsə davamçısı olmaq istəyir. Bu, şübhəsiz Sezen Aksu olmalıdır. Çünki istər səs rəngi, istər əvvəlki tərzi, mahnılarındakı mövzular, insana bəxş etdiyi ab-hava ilə Simgedən ikinci “Minik Serçe” ola bilər.

Təbii ki, o, Gülşen xülyasından oyansa və stilistini dəyişsə... Necə deyərlər, “mış-mış da, miş-miş”!