Arı
Arı

Bu hekayədə yanan Nahidə oldu...

Bu hekayədə yanan Nahidə oldu...

Pərviz Hüseyn

Ötən gün Türkiyədə “Altın kelebek” mükafatları təqdim olundu. Azərbaycandan namizəd olan müğənnilər Nahidə Babaşlı, Çinarə Məlikzadə və Ayaz Babayev də tədbirin keçiriləcəyi məkanda idi.

Gecənin irəliləyən saatlarında məlum oldu ki, “Azərbaycanın parlayan ulduzu” mükafatının qalibi Nahidə Babaşlıdır. Çıxdı, ürək sözlərini Azərbaycan dilində dedi, “Bu hikayede yanan ben oldum” mahnısını da ifa edib səhnədən düşdü.

Ancaq “Altın kelebey”in ən zövqsüzləri sırasında yer almağı bacardı.

25 yaşın ola, o boyda “Altın Kelebey”i qazanasan, amma mükafat almağa gedəndə hansısa atelyenin libası ilə çıxasan. Tikiş izi bilinən, rəngi demode, özü “fış-fışa”, üstəlik, üstündən libasın iri həcmli olması yetmirmiş kimi çiyin hissəsində parlaq zəncirlərin də yer alması başdan-ayağa fiasko idi.

Birinci sinifə yola salınan 7 yaşlı qızlara alınan, yaxud saxta qaşlarla bəzədilmiş, əsasən 2000-ci illərin toylarında qadınların geyindiyi ayaqqabı... Bu kombini də kapron uzunboğaz corabla tamamlamaq təəssüf hissindən başqa heç nə deyil...

Bilirəm, indi başlayacaqlar ki, Nahidənin səsi, sənəti, “əsas odur abırlı geyinib”, “səhnədə azərbaycanca danışıb” və s...

Əzizlərim, bura Azərbaycanın təmsil edildiyi, 90 milyondan çox auditoriyanı əhatə edən mükafatlandırma gecəsidir. Hansısa qohumun toyu, yaxud rəfiqənin ad günü mərasimi deyil. Həftələr öncədən bu səhnəyə çıxma ehtimalın varsa, qırmızı xalıda görünməyin isə 100 faizdirsə, mütləq buna hazırlaşmaq lazımdır. Çünki bura təkcə mükafat aldığın məkan yox, özünü təqdim etdiyin, Türkiyənin “div”ləri ilə bir arada olacağın platformadır. Buna necə məsuliyyətsiz yanaşmaq olar?

Nahidə Babaşlı yaxşı sənətçi, musiqiçi ola bilər, amma özünü təqdim etməyindən göründüyü qədərilə “Azərbaycanın parlayan ulduzu” deyil. Çünki ulduz sözü özündə çox şeyi ehtiva edir, bunu isə Nahidə də görmədik.

O boyda mərasimdə səhnə alırsan, heçmi özünə dəyər vermirsən? Ən ucuz markadan belə daha gözəl, səni daha eleqant göstərən bir libas almaq olardı. Hər şeyi keçdim, Nahidə verilişlərin birində demişdi ki, Yutubdan filan qədər pul qazanıram. O pulun bir qismiylə yaxşı stilist, peşəkar modelyer və ya moda evi seçib, onlara etibar etmək olmazdı?. Bu işinə hörmətsizlikdən başqa bir şey deyil. Bu səhnə kiminsə hazır, hit olmuş mahnısını kover etməklə bitmir. Əgər səhnənin parlayan ulduzu olmaq niyyətin varsa, o zaman ona uyğun davranmalısan. Bir tərəfdən də qınamaq olmur, çünki bu insanlar internet vasitəsilə məşhurlaşır, bu platformada isə səhnə mədəniyyəti, tamaşaçıya hörmət arxa planda qalır. İnsanların ən çox yazdığı “açıq-saçıq geyinsəydi, zövqlü sayacaqdınız” iradıdır. Amma bu məntiqsiz yanaşmadır, zövqlü görünmək üçün açıq-saçıq geyinmək vacib deyil, bağlı, bədən xəttlərini düzgün göstərən, rəngi dəbdə olan bir libasla da estetik bir görüntü sərgiləmək olardı.

Bir də “əsas odur abırlı geyinib” kimi haqq qazandırma çabası isə yersizdir. “Altın Kelebek” qeyrət-namus, abır yarışması deyil, orada sənətə, qazandığın uğura görə mükafat verirlər.

Nahidənin “göz qanadan” geyimi və mükafat qazanması gecədə Çinarə Məlikzadənin uğuru hesab edilə bilər, əks halda o da geyim mövzusuna məsuliyyətsiz yanaşması ilə hazırda tənqidlərin əsas hədəfi olacaqdı... Çünki Çinarə də sanki “Altın Kelebey”ə yox, “Təbrik” restoranında dayısı oğlunun toyuna getmişdi...

Gecəyə ən yaxşı hazırlaşan isə müğənni Ayaz Babayev idi, ona baxanda hiss edirdin ki, adam artistdir və mükafata almağa gəlib.

P.S: Nahidə Babaşlının “look”u üçün “Laçın” Ticarət Mərkəzi, ikinci mərtəbə, toy paltarlarının kirayəsi bölməsinə müraciət edə bilərsiz.