Arı
Arı

“Altın Kelebek” Aysel Şükürə verilsin!

“Altın Kelebek” Aysel Şükürə verilsin!

Pərviz Hüseyn yazır...

“Altın Kelebek” Azərbaycanla bağlı dəyişiklik edib. Dəyişikliyə əsasən, bu il kimlər namizəddirsə, onların hamısına “Azərbaycanın parlayan ulduzları” mükafatı veriləcək. Çox gözəl! Çox pakizə!

Gələk builki namizədlərə: müğənnilər Ayaz Babayev, Nəzrin və aktrisa Turanə Hüseynli! İndi isə keçim təhlilə. Görək “parlayan ulduzlarımız” nə qədər bu mükafata layiqdirlər?

Ayaz Babayev:

Son illərin populyar müğənnisi. Sosial mediadan yığdığı gücü hər dəfə daha da artıran, keyfiyyətli işlər görmək üçün əzmlə çalışan gənc sənətçi. Ulduzu parlayırmı? Parlayır! Kütləsi var, sevilir, tədbirlərə, konsertlərə dəvət alır, özünəməxsus tərzi var. Azərbaycan reallığında nə mümkündürsə, onları etməklə, musiqi sənayesində irəliləməyə çalışır. Özünü təqdim etməyi bacarır, özü də yüksək səviyyədə!

Turanə Hüseynli:

Son zamanların ən aktual TV simasıdır. İctimai Televiziyadakı aparıcılıq fəaliyyətini sonlandırdıqdan sonra daha da ön plana çıxmağı bacarıb. Seriallar, kliplər, influenserlik fəalliyəti, uğurlu reklam siması kimi inkişafı, sanballı brendlərlə iş birliyi və sairə Turanəni irəli aparan nüanslardandır.

“Disney+Hotstar” şirkətinin “Netflix” platforması üçün çəkdiyi “KakP” serialında da Hüseynli oynayıb. Son olaraq Turanə “Korkut Ata” film festivalında diqqət çəkib. Ulduzu parlayırmı? Parlayır!

Nəzrin:

“Azərbaycanın parlayan ulduzu” kateqoriyasında ən uğursuz seçim bu xanımdır. Son illər sosial media vasitəsilə məşhurlaşan Nəzrin istedadlı olsa da, keyfiyyətli mahnılar yazsa da, bu ödülün haqqını verməyəcək. Düzdür, deyə bilərsiniz ki, o qədər layiq olmayanlar mükafat alır ki, Nəzrin alsa, nə olacaq? Sizinlə razı olardım, amma deyiləm! Nəzrindənsə, Sura İskəndərli bu kateqoriya üçün çox uğurlu seçim olardı. Ən azından 2 türk məşhurundan biri verilişlərdə onun “Yok” mahnısını əzbər bildiyini söyləyib. Serenay Sarıkayasından tutmuş, Merve Dizdarınadək aktrisalar “E, daha daha nasılsınız?” sözlərini bir ağızdan oxuyurdular.

TikTok-da viral olan mahnı Türkiyə və Azərbaycanda trend olmuş, məşhur klubların pleylistlərində yer almışdı. O zaman niyə Sura yox, Nəzrin? “İlahi” mahnısına görə?! O zaman burada dayanaq...

Çünki “İlahi” mahnısının viral olmağına səbəb influenser Aysel Şükürün partlayışdan sonra çəkilən yaralı halda görüntüləri səbəb olmuşdu. O zaman “Altın Kelebek” bu il Ayselə verilsin! Çünki o gecə təkcə klub yox, həm də Nəzrinin mahnısı “partlamış”dı. Buna səbəb də Ayselin görüntüləri idi. Ən azından haqqı olana verilər, o video olmasaydı, bu mahnı da bu qədər “partlamaz”dı.