Azərbaycanda bir neçə dünya ulduzunun öz imzalarının yer aldığı fotoları satışa çıxarılıb.
OLAY yazır ki, şəkillər hərrac səhifələrinin birində yerləşdirilib. Məşhurların sırasında müğənnilər Ledi Qaqa, Cennifer Lopez, aktyor Ceyson Stethem, ulduz futbolçular Kriştiano Ronaldo və Lionel Messi var.
Onların hər birinin avtoqraflı çərçivədə rəsimlərinin qiyməti 5 manatdan başlayan qiymətlə hərraca qoyulub. Ceysonun fotosu 70, Ledinin şəkli isə 50 manata satılıb. Ronaldonun imzalı fotosuna ən çox 500, Messinin şəklinə 420 manat təklif olunub, lakin satılıb-satılmadıqları bəlli deyil.
Cenniferin imzalı rəsmi üçün təklif olunan ən yüksək məbləğ 70 manatdır. Auksion bu gün 23:00-da dayandırılacaq.
Bundan başqa Messinin avtoqraflı başqa bir fotosu da satışa çıxarılıb. Həmçinin, şəkillərin əksəriyyətinin original sertifikatı var.