Amerikalı aktyor Cim Kerri uzun illər yaşadığı və şəxsi həyatı ilə bağladığı Los-Ancelesdəki Brentvud bölgəsində yerləşən lüks malikanəsini 17 milyon dollara satıb.
OLAY yazır ki, bu barədə “New York Post” məlumat yayıb.
Villanın ilkin satış qiyməti 2023-cü ildə 28,9 milyon dollar idi. Lakin alıcı tapılmadığından bir neçə dəfə endirilib. 2024-cü ilin dekabrında evin 19,8 milyon dollara satışı gözlənilsə də, sövdələşmə baş tutmayıb. Nəticədə demək olar ki, 12 milyon dollarlıq endirimlə ev 2025-ci ildə yeni sahibinə keçib.
Cim Kerrinin 1994-cü ildə 3,8 milyon dollara aldığı bu əmlak təqribən 1000 kvadrat metr sahəyə malikdir. Əraziyə: 5 yataq otağı, 9 vanna otağı, tennis kortu, üzgüçülük hovuzu, meditasiya zonası və ev kinoteatrı daxildir.
Əlavə olaraq, ev 0,8 hektarlıq yaşıl sahəni əhatə edir.