Əməkdar artist Füzuli Hüseynova töhmət verilib.
OLAY yazır ki, bu barədə onu polisə verən həmkarı, Xalq artisti Əli Nur məlumat yayıb:
“İctimaiyyətin və mətbuatın göstərdiyi təzyiqlər nəticəsində Akademik Milli Dram Teatrının rəhbərliyi tərəfindən Füzuli Hüseynova şiddətli töhmət verildi və o, Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. Lakin hadisə təkcə bununla ört-basdır edilməməlidir! Füzuli Hüseynovun şəriki olan Mehriban Ələkbərzadə də məsuliyyətdən yayınmamalı, layiqli cəzasını alaraq vəzifəsindən azad edilməlidir. Mehriban Ələkbərzadə dost-tanış münasibətlərinə arxalanaraq teatr kollektivinə qarşı aşağılayıcı üslubda təzyiqlər göstərir və idarəetmədə özbaşınalıq nümayiş etdirir. Bu isə həm kollektivin iş mühitinə, həm də teatrımızın nüfuzuna ciddi zərbə vurur. İnanıram ki, hüquqi müstəvidə və aidiyyəti qurumlar tərəfindən hər iki şəxs barəsində obyektiv araşdırma aparılacaq və onlar layiqli cəzalarını alacaqlar. Əks halda, əgər Mehriban Ələkbərzadə teatrımızda bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirərsə, bu, teatrın gələcəyini ciddi təhlükə altına atacaq və ictimaiyyətdə yeni qalmaqallara, xoşagəlməz hadisələrə yol açacaqdır”.