“Heç zaman özümü bədbəxt qadın hesab etməmişəm. Çox pis vəziyyətdə olduğum anlar olub, amma özümdə güc tapıb həmin vəziyyətdən çıxa bilmişəm. Bu yerdə də özümə “çox sağol” deyirəm, çünki psixologiyam çox güclüdür. Zaman-zaman efirlərdə kövrəlib, ağladığım hallar olub. İnsanlar haqqımda deyirdilər ki, “ev yıxanın evi olmaz”, “sən axı bilirdin ki, belə olacaq” və sairə... İnsanların hamısına başa sala bilmərsən bunu. Bir yerdən sonra anladım ki, heç kimə heç nə başa salmaq lazım deyil. Buna ehtiyac da yoxdur. Doğru insan səni doğru görəcək. Həyatda heç bir şeyə nail olmayan, amalı, planı olmayan insanlar səni boş verəcək. Çünki boşdur, dolu görə bilməz. O dolu qabı belə boş görəcək. Heç kimin yanında özümü sübut etmək kimi niyyətim yoxdur. Çünki mən yalnız yanımdakı övladıma örnək ola bilərəm. Evdə mən başqa insanam. Bunu yanımda olan əhatəm görür, bilir. Əbətdə ki, mən efirdə olduğum kimi həyatda həmin cürə ola bilmərəm”.
OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Gün ortası” verilişində deyib.
Sənətçi bildirib ki, gəlinlik geyinməsə də özünü bədbəxt qadın hesab etmir:
“Bizim həyatımız oyundur. Həyatımda yaşadığım elə məqamlar var ki, onları göstərməmişəm. Evlilikdir, evlilik də yaşadım. Xoşbəxt olmaq, həyat yoldaşı da gördüm. Qarşımda həyat yoldaşı necə olur onu da gördüm. Yəni bunları yaşadım. Və mənim üçün şərt deyil ki, mən ağ libas, gəlinlik geyinim və bilim ki, oraya kölə, bədbəxt olmağa gedirəm”.
Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı bir qız övladı var.