WOW
WOW

“Mehriban Ələkbərzadə teatra ziyan vurur, tamaşaları plagiatdır”

“Mehriban Ələkbərzadə teatra ziyan vurur, tamaşaları plagiatdır”

“Mən hər zaman Azərbaycan və Türkiyə arasında mədəniyyət körpüsü qurmağa çalışmışam. Xaricdə yaşasaq da, Azərbaycanın təbliğatı ilə məşğul olan sənət adamlarıyıq və gördüyümüz işləri hər kəs bilir. Türkiyədə iki peşəkar azərbaycanlı aktyor var: mən və Cahangir Novruzov. Hər zaman iki ölkənin teatrları arasında əlaqə yaratmağa çalışmışıq. Təəssüf ki, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər olduğu müddətdə bu əməkdaşlıq mümkün deyil”.

OLAY yazır ki, bu sözləri publika.az-a müsahibəsi zamanı Əməkdar incəsənət xadimi Məlahət Abbasova deyib. 

O, AzDrama-nın bədii rəhbəri Mehriban Ələkbərzadə haqda qalmaqallı fikirlər sələndirib:

“İstanbul Şəhər Teatrlarının bədii rəhbərinin müavini kimi Mehriban Ələkbərzadəni teatrda ziyarət etdim və işbirliyi üçün müraciət etdim. O isə açıq şəkildə bildirdi ki, nə qədər ki, burada çalışır, mənim teatrda fəaliyyət göstərməyimə imkan verməyəcək. “Nə qədər mükafat alsan da, səni rejissor kimi qəbul etmirəm. Yuxarıdan tapşırıqla gəlsən belə, məşqində iştirak edib ən kiçik problemi tapıb, tamaşanı dayandıracağam", - dedi. Bu sözlər teatr rəhbərinə yaraşmayan, etikadan kənar bir yanaşma idi. Mən isə Mehriban Ələkbərzadədən peşəkarlıq gözləyirdim. Çünki dünyada tanınan bir teatrın təmsilçisi kimi qarşısına getmişdim. Lakin illər keçsə də, Mehribanın daha da qısqanc və intriqalarla dolu bir insan olduğunu gördüm. Bu davranış teatr rəhbərinə yaraşmaz. Mən gülərək otağına girdim, gülərək də çıxdım. Çünki onun bu cılız davranışına əhəmiyyət vermədim. Bu, onun xarakteri ilə bağlıdır. Universiteti birlikdə bitirmişik, onu yaxşı tanıyıram. Mehriban Ələkbərzadə qısqancdır, yeniliklərdən qorxur və heç kimlə heç nəyi bölüşmək istəmir. Azərbaycan və Türkiyə arasında teatr sahəsində mədəniyyət körpüsü qurulmasına imkan verməməsi bunun açıq sübutudur.

Mən Türkiyədə 15-dən çox Azərbaycan əsərini bədii şuraya təqdim etmişəm. Bəxtiyar Vahabzadə, Anar, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və Həsən Həsənovun əsərlərini səhnələşdirmişəm. 2015-ci ildə Elçinin "Şekspir" tamaşasına görə "İlin ən yaxşı rejissoru” mükafatına layiq görülmüşəm. Mən "İblis" tamaşasını səhnəyə qoymuşam. Mehriban Ələkbərzadəni universitet illərindən tanıdığım üçün mənə mane olmasına təəccüblənmədim. Yenə deyirəm ki, bu düzgün, peşəkar yanaşma tərzi deyildi. Bununla Azərbaycan teatr sahəsi ziyana uğrayır. Mən öz fəaliyyətimə davam edirəm. Mənim önümü kəsməklə əlinə nə keçdi? Mənim çalışdığım İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir. Bu teatr ilə Milli Dram Teatrı arasında mədəniyyət körpüsü quracaqdıq. Həmişə İstanbul Şəhər Teatrları ilə Akademik Milli Dram Teatrı arasında bir körpü qurmuşam. Dəfələrlə teatrı İstanbul Şəhər Teatrlarına və festivallarımıza dəvət etmişik. Hətta Mehriban Ələkbərzadənin Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırladığı "Qatil" tamaşasını festivala dəvət etdik. Mehriban Ələkbərzadənin bu əməkdaşlığa mane olmasına təəccüblənmirəm, amma bu, Azərbaycan teatrına ziyan vurur”.

M. Abbasova həmçinin AzDrama-da “İblis” tamaşasını səhnəyə qoymaq planının baş tutmamasından söz açıb:

“Teatrın mərhum rəhbəri Azər Paşa Nemətovla altı ay bu layihə üzərində işləmişdik. Təəssüf ki, Azər müəllim dünyasını dəyişdi. Mehriban Ələkbərzadənin teatra rəhbər təyin edildiyini eşidəndə isə bildim ki, bu layihə baş tutmayacaq. Halbuki biz İstanbul şəhər teatrlarının texniki heyəti ilə bu körpünü qurmaq üçün gəlmişdik və bunun üçün İstanbul Bələdiyyəsinin və teatr rəhbərliyimizin dəstəyini almışdıq. Onlar Azərbaycan teatrları arasında mədəniyyət körpüsünün qurulması üçün hər cür dəstək olacaqlarını bildirdilər. Bilirsiniz ki, əvvəl də "Mahmud və Məryəm" filmini həyata keçirdim. İki ölkənin mədəniyyət nazirliyi arasında o körpünü qurdum. Filmdə Azərbaycan və türk aktyorları birlikdə rol aldılar. Mehriban Ələkbərzadənin mane olması ilə kim itirdi? Azərbaycan teatr sahəsi. Biz niyə buradayıq? Mən və Cahangir Novruzov özümüzü niyə həlak edirik? Azərbaycan ədəbiyyatının, teatr sənətinin tanıdılması üçün əlimizdən nə gəlirsə edirik, amma belə xoşolmayan münasibətlə qarşılaşdıq. 2011-2012-ci illərdə Antalyada Türk Dünyası Teatrlar Birliyi təsis edildi. Burada Orta Asiya ölkələri də daxil olmaqla mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin təşkil edilməsi və genişləndirilməsi nəzərdə tutulmuşdu. Mənə zəng edib soruşdular ki, Mehriban necə rejissordur. Cavab verdim ki, yaxşı rejissordur və qrup yoldaşımdır. Bir neçə aydan sonra Şimali Kiprdə Mehriban Ələkbərzadə Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoydu. Tamaşa başdan ayağa pornoqrafiya səhnələrindən ibarət idi. Tamaşanın iki-üç nümayişindən sonra Mehriban Ələkbərzadəni Bakıya göndərdilər, onu qovmuş kimi etdilər. Elə bir Azərbaycan əsərini o vəziyyətdə səhnələşdirmək biabırçılıq idi. Şimali Kipr Dövlət Teatrından rəsmən Mehriban Ələkbərzadəni qovdular. Teatrın bədii rəhbəri mənə və Cahangir Novruzova iradını bildirdi. Biz isə qərara gəldik ki, bunu Mehriban Ələkbərzadəyə bildirməyək, pis olmasın. Teatrın bədii rəhbəri bizə zəng etdi ki, yazıçı Elçin Əfəndiyevə böyük hörmətimiz var, amma rejissorun əsəri qeyri-etik və son dərəcə zəif səhnələşdirdiyinə görə tamaşanın nümayiş edilməsinə icazə vermirik. Siz tərifləmişdiniz ki, yaxşı rejissordur.

Şimali Kipr Dövlət Teatrı o zaman yeni yaranmışdı və professional aktyor heyəti yox idi. Orada ilk nümayiş edilən tamaşa Azərbaycan əsəri olacaqdı. Bizə bu qədər qiymət verirdilər, amma Mehriban buna imkan vermədi. Bu hadisədən sonra teatr birliyi Orta Asiya ölkələri ilə əməkdaşlığına davam etdi, amma Azərbaycan ilə yox. O tamaşa ilə bağlı Türkiyə mediasında tənqidi xəbərlər yayımlandı. Mehriban Ələkbərzadə Bakıya gələn kimi tamaşa reperturdan çıxarıldı. Beləliklə, Mehriban Ələkbərzadə Türk Dünyası Teatrlar Birliyinə ziyan vurdu”.

Aktrisa Mehriban Ələkbərzadənin teatrın aktyorları yaşadığı qalmaqala da münasibət bildirib:

“Mən onları başa düşürəm. Mehriban Ələkbərzadə daha əvvəl fəaliyyət göstərdiyi Dövlət Yuğ Teatrı, Milli Gənc Tamaşaçılar Teatrında da sənət adamları ilə necə kobud davrandığını, təhqir etdiyini eşidirdim. Aktyor dostlarıma görə çox pis oluram, əslində, öz aralarında bu haqda danışırlar, amma səslərini çıxara bilmirlər. Onun sənət adamlarına belə davranması normal deyil. Guya məni rejissor kimi qəbul etmir, onun bütün tamaşalarına baxmışam. Mehriban Ələkbərzadə doğrudan da zəif rejissordur. Tamaşaları zəif və plagiatdır. Güclü aktyor oyununun arxasına saxlanılan rejissor zəif rejissordur. Mehriban da daim güclü aktyor oyununun arxasına saxlanıb. Rejissor fikri aktyorun önündə olmalıdır. Mehriban Ələkbərzadə qısqanc, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz yalnızlığının, uğursuzluğunun intiqamını sənət adamlarından çıxır. Nə qədər ki Mehriban Ələkbərzadə teatra bədii rəhbər olacaq, mənim ora ilə əlaqəmi kəsməyə davam edəcək. Fikir verin, İstanbul Şəhər Teatrlarında 1500-ə yaxın işçi var, amma orada belə intriqalar yoxdur. Teatrda qruplaşmalar, qısqanclıq və xainlik nə deməkdir? Biz dünya teatrında texnologiya və innovasiyaların tətbiqini müzakirə edirik, amma burada aktyorlar teatr rəhbərindən şikayət edirlər. Mehriban Ələkbərzadə sənət adamlarına qarşı çox kobud və qəddar davranır. O, həm də çox zəif rejissordur. Onun tamaşaları orijinal deyil, plagiatdır. Güclü aktyorların oyununu ön plana çıxararaq, öz rejissorluq zəifliyini gizlətməyə çalışır”.