Model sevgilisini döyməkdə təqsirləndirilən iş adamına 9 il 6 ay həbs cəzası verilib.

OLAY Unikal-a istinadən yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ziya Hüseynzadəyə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər cinayət işi üzrə təyin edilmiş 7 il 6 aylıq cəza da əlavə olunaraq, ümumilikdə 9 il 6 ay həbs cəzası verilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Hüseynzadənin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, hadisə 2021-ci il mayın 26-da baş verib. Ziya Hüseynzadə model Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib, zor tətbiq edərək giriş qapısını zədələyib.

Qeyd edək ki, Razi Əliyeva 2017-ci ildə "Azərbaycan gözəli" seçilib. Ziya Hüseynzadənin cinayət işi üzrə Raziyyat Əliyeva, Xədicət Əliyeva və Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.