WOW
WOW

“Tağıyev. Neft” filminə 70 min tamaşaçı baxıb

“Tağıyev. Neft” filminə 70 min tamaşaçı baxıb

“Tağıyev. Neft” filmi artıq 70 mindən çox tamaşaçının diqqətini cəlb edərək, onları neft sənayeçisi, milyonçu və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əzəmətli hekayəsinə qovuşdura bilib. Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

OLAY yazır ki, aprelin əvvəlindən “CineMastercard” premium kinoteatrlar şəbəkəsində dörd hissədən ibarət “Tağıyev” tarixi filminin çoxdan gözlənilən ikinci hissəsinin - “Tağıyev. Çar”ın nümayişi başlayacaq.

Qeyd etmək istərdik ki, film cəmiyyətin inkişafında, milli dəyərlərin təbliğində mühüm xidmətləri olan, adını ölkə salnaməsinə həkk etmiş böyük xeyriyyəçinin vəfatının 100 illiyinə özəl çəkilib.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Film haqqında qısaca: 1888-ci ilin payızında Bakı Zati-aliləri İmperator III Aleksandrın səfərinə hazırlaşır. Milyonçu və Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə nüfuz və status uğrunda mübarizə aparır. Şəhər rəisi Orlovski öz vəzifəsindən istifadə edərək intihar etmiş Təymurbəyovun neft sahəsini ələ keçirmək istəyir. Bu arada Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Arablinskaya ilə tanış olur və onunla evlənmək niyyətindədir.