Bu gün Azərbaycanda ilk çərşənbə - “Su çərşənbəsi” qeyd olunur.
OLAY yazır ki, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Xatırladaq ki, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.