“Siz heç bilirsiniz ki, illər əvvəl mən nə qədər Azərbaycan Televiziyasından (AzTV) töhmət almışam?”
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Sənətçi 37 il əvvəl Azərbaycan Televiziyası tərəfindən aldığı töhmətlərdən söz açıb:
“1988-ci ildə Azərbaycan Televiziyasının sədri məni yanına çağırıb dedi ki, gəncsən amma karyerana xətt çəkmək istəyirsən. Sən universitetdə təhsil alırsan, səni 1986-ci ildən televiziyamıza solist kimi qəbul etmişik. Çağırış dolu mahnılar oxuyursan. Sən nə danışırsan? Biri bizim qonşumuz, digəri bizim böyük qardaşımızdır. Sən belə oxumaqla kimi nəzərdə tutursan? O zamanlar artıq “Topxana meşəsi”ndə hadisələr başlamışdı. Mənim dəliqanlı vaxtım idi. İndi də olsa, töhmət də alsam o mahnıları yenidən ifa edərəm. Çünki bu mənim xasiyyətimdir. Bunu isə heç zaman dəyişdirmək olmaz. Demək istəyirəm ki, o töhmətləri alırdıq və mən gənc idim, mənə bunlar çox pis təsir edirdi, gedib ağlayırdım. Amma bu hadisənin üstündən 2-3 ay keçirdi yenə də “Heykəllər bu torpağa” kimi mahnılar oxuyurdum. Deyirdilər ki, dünən ağlayırdın amma yenə də bu mahnıları oxuyursan. Bu çətinliklər hər zaman olub, olacaq. Gənclər heç zaman ruhdan düşməli deyillər. Onlar tutduqları yolla irəli getməlidirlər”.