Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini Xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs polis tərəfindən saxlanılıb.
OLAY yazır ki, Emin Əfəndi bu barədə sosial media hesabında məlumat yayıb.
“Artıq mətbuatdan da bildiyiniz kimi, yanvarın 19-da üzləşdiyimiz xoşagəlməz hadisə ilə bağlı dərhal aidiyyəti orqanlara müraciət etmişdik. Daxili İşlər Nazirliyinin operativ reaksiyası və peşəkar yanaşması nəticəsində məsələ qısa zamanda öz həllini tapdı və hadisəni törədən şəxs artıq hüquq qarşısında cavab verir.
Bu məqamda Daxili İşlər Nazirliyinə, xüsusilə cənab nazir Vilayət Eyvazova dərin təşəkkürümüzü bildirmək istəyirik. Göstərilən qətiyyət, peşəkarlıq və məsuliyyət bir daha ölkəmizin hüquq-mühafizə sisteminin etibarlılığını və effektivliyini sübut etdi”-, deyə Əfəndi qeyd edib.
Qeyd edək ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və 1000 manat pul tələb edib.