Həkim səhlənkarlığı 30 yaşlı qadının səhhətində ciddi fəsadlar yaradıb.
OLAY yazır ki, bu barədə plastik cərrah Dilqəm Məhərrəmov sosial şəbəkə səhifəsində məlumat verib. O qeyd edib ki, doğuş etməmiş 30 yaşlı pasiyent qadının hər iki süd vəzisinə süni gel vurulub.
“Kosmetoloji mərkəzin birində dörd il əvvəl gel vurulduqdan sonra qadının sinəsinin hər iki tərəfində irinləmə olub. Dörd il ərzində müxtəlif əməliyyatlar aparılıb, süd vəzisi toxuması tamamilə çıxarılıb, təmizlənib. Bir bərpa cərrahiyyəsi də olub, nəticə olmayıb. Nəticədə iki süd vəzisi itirilmiş şəkildə deformasiyaya uğrayıb”, - deyə o bildirib.
D.Məhərrəmov əlavə edib ki, qadının bədəni tamamilə öz sağlamlığını və gözəlliyini itirmiş hala gəlib. Onun sözlərinə görə, pasiyentin psixoloji durumu, sosial əlaqələri pozulub. Həkim əlavə edib ki, həmin qadın çox depressiv haldadır.
“Subay bir insandır. Süd vəziləri itdiyinə görə suallardan biri də gələcəkdə ana olduqdan sonra südvermənin artıq mümkün olmayacağı ilə bağlıdır. Çünki qadın bu süd vəzilərindən mərhum olub. Qeyri-steril şəraitdə plastik cərrah olmayan həkimin yaratdığı problemlər və heç bir normaya uyğun olmayan dolğuları bu şəkildə sonsuz istifadə qaydaları hələ də davam edir. Bu tipli ağırlaşdırmalarla insanlar üzləşməkdədirlər”, - deyə o bildirib.
Həkim vurğulayıb ki, ən maraqlı məsələ bu hadisəni törədən insanların bu ağırlaşmalarda pasiyentlərə kömək edə bilməmələridir:
“Artıq pasiyentlər müxtəlif variantlarla mərkəzdən uzaqlaşdırılır. Həmin pasiyentlər də uzun müddət bu işə özlərinə həsr etmiş plastik cərrahlara üz tuturlar”.
Tanınmış cərrahın videosuna “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva münasibət bildirib:
“Dilqəm doktor, mən sizə uzun müddətdir deyirdim ki, bu məsələləri vaxtında işıqlandırmaq lazımdır ki, qızlarımız belə bədbəxt olmasınlar, belə problemlərlə üzləşməsinlər. Axı onlar gələcəyin anasıdır. Nə yaxşı ki, sizin kimi savadlı həkimlərimiz var, mən sizə çox təşəkkür edirəm. Burada şərhimi oxuyan bütün insanlara, fərq etmir kişi, ya qadın, demək istəyirəm ki, bütün mövzularda hələ ki, sağlamlıq mövzusunda hər zaman peşəkarlara üz tutun. Siz də o peşəkarlardan birisiniz, var olun hər zaman”.