“O bayağı müğənniləri məndə verilişimə dəvət etmişəm. Bu gün biz onları cəmiyyətə necə sırımışıqsa, indi biz bu bayağı ifaçıların qarşısını ala bilmirik”.
OLAY yazır ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Televiziya ulduzu ödəniş əsasında efirləri zəbt edən bayağı ifaçıları sərt şəkildə tənqid edib:
“Keçmiş “ANS” televiziyasında eləyə bilmədiklərimizi digər kanallarda asanlıqla elədik və nəticədə bu bayağı ifaçılardan efirləri təmizləyə bilmirik. Pulla efirlərə çıxan müğənnilər sözün ciddi mənasında televiziyanı uçurum qarşısında qoyublar. Sual verəcəklər ki, niyə o bayağı ifaçıları zamanında verilişlərinizə dəvət edirdiniz ki, indi onlar efirdə “ay oynadır”? Çünki biz verilişimizlə reytinq verməli idik. Bizim qarşısımızda cədvəl qoyulurdu ki, verilişin reytinq verməlidir. Nəticədə isə görürük həmin yalvarıb, pul müqabilində efirə çıxmaq istəyən o bayağı ifaçılar indi at oynadırlar və cəmiyyət onları alqışlayır. 3 gündür ki, populyar olub indi verilişə gələndə deyir ki, mənim üçün bu başdan sonra qədər şamlar düzün, güllər gətirin. Ay bacı, sən hələ gəl o şamı, gülü qazan, o sənin haqqın olsun, sonra nələrsə tələb edərsən. 3 dənə fanat əl çalır və düşünürsən ki, artıq ulduzsan”.