Venesiyada 81-ci Beynəlxalq Film Festivalı başlayıb.
OLAY yazır ki, dünyaca məşhur Hollivud aktrisası Ancelina Coli yeni imicdə artıq İtaliyaya gəlib, lakin onun keçmiş əri, aktyor Bred Pittin festivala daha sonra gələcəyini gözlənilir.
Festivalın təşkilatçıları düşmən mövqeyində olan eks “ər-arvad” bir-birini görməsinlər deyə xüsusi qrafik hazırlayıblar.
Venesiya kinofestivalının bədii rəhbəri Alberto Barbera “Vanity Fair” dərgisinə müsahibəsində bildirib ki, təşkilatçılar keçmiş həyat yoldaşları arasındakı gərgin münasibətləri nəzərə alıb və onların bir-birinə mane olmasının qarşısını almaq üçün əməlli-başlı işlər görüblər.
“Ancelina ilk gün, cümə axşamı yəni bu gün festivala gələcək və bundan dərhal sonra o, Mariya rejissoru Pablo Larrain ilə Koloradoda Telluride Film Festivalına yola düşəcək. Belə olan halda, Bred şənbə gününə qədər Venesiyaya gəlməyəcək.
Venesiyada keçiriləcək festivalda Ancelina baş rolda oynadığı “Mariya Kallas” filmini, Bred isə Corc Kluni ilə birlikdə rol aldığı “Tənha canavarlar” filmini təqdim edəcək.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-2019-cu illərdə evli olublar. Boşanmadan sonra “Chateau Miraval” şərab zavodu məhkəmə çəkişmələrinin əsas mövzusu olaraq qalır. Aktyorların altı övladı var, onlardan üçü övladlığa götürülüb: 19 yaşlı Zahara, 22 yaşlı Maddoks və 20 yaşlı Paks, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15 yaşlı əkizlər Knoks və Vivienne. Pittin bütün qızları onun soyadından rəsmi qaydada imtina ediblər.