İl 2020, hələ müharibə başlamayıb, amma pandemiya başlayıb, karantin də tətbiq olunur. Hərə öz canının, dərdinin hayında.
Bu hadisələrdən bir müddət əvvəl isə düşmənlə qapı-qonşu olan Əsmər nənənin videosu viral oldu. Qazaxın Quşçu Ayrım kənd sakini 77 yaşlı Əsmər Cəfərovanın. Bapbalaca nənə soyuq havada, belində, başında şal evinin düzəldilməsini xahiş edir.
Özü də elə şirin, elə gözəl ki, adamın ürəyi əsir ona qulaq asanda. Hər kəlməsində də, özünə məxsus ləhcədə sizə qurban, ağren alım deyir.
Əsmər nənədən soruşandakı, ay nənə, bu kənddən niyə köçmürsən? Düşmənlə aran 100 metrədi.
Əsmər nənə cavab verir ki, niyə gedirəm? Camaat getsə də, mən burada, kəndimdə, torpağımda öləcəyəm. Şəhid oğlumun məzarını qoyub heç yerə gedən deyiləm…
Bəlkə də, elə Əsmər nənənin evi də, arzusu da başına uçacaqdı. Amma qıvırcıq saçlı qız, kəndini, obasını, şəhid oğlunun məzarını qoyub getmək istəməyən Vətən daşı-Əsmər nənəyə arxa-dirək olur. Özü də səssiz-səmirsiz. Ziyarətinə gəlir. Evini də tikdirir. Evin hazır olması isə pandemiya dövrünə düşür. Yəqin təsəvvür etdiniz ki, bu evin hasil olması necə ağır şərtlər altında reallaşıb.
Mənim üçün bu addım olduqca dəyərlidir. Torpağını, kəndini tərk etməyən balaca nənənin ömrünün ahıl çağında rahatlığa çıxması, bəlkə də röyasında gördüyü, xəyal etdiyi yeni evində yaşaması, yurdundan getməməsi üçün göstərilən dəstək o qədər gözəldir ki…
Bu gün etdiyi xeyirxah əməllərlə heç vaxt öyünməyən, sevgili və dəyərli birinin doğum günüdür. Bu gözəl qəlbli, mərhəmətli insana uzun ömür və can sağlığı arzu edirəm. Vətən daşını böyük ürəyiylə qoruduğu üçün ona hər zaman minnətdar olacağam. Çünki çoxunun edə biləcəyi, lakin etmədiyi işi o gördü. Şəhid balasının məzarı, xatirələri ilə ovunan bapbalaca Əsmər nənəni torpağından qopmağa qoymadı.
Qoy nəql etdiyim bu hadisə bir daha insanların xatirəsində canlansın və heç vaxt unudulmasın. Səhnələri dəli rüzgarlarla dağıdan, çılğın mahnılarıyla milyonların qəlbinə hakim kəsilən Röya Ayxan, doğum gününüz mübarək olsun! Yeni yaşınız sizə uğur və xoşbəxtlik gətirsin!
Kübra Məhərrəmova