Aktrisa Zarina Qurbanova Azərbaycan kino sənətinin inkişaf etməməyindən, film çəkilməməyindən gileylənib.
OLAY yazır ki, o, bu barədə “Dəyişən cavab” verilişində söz açıb. Aktrisa ad çəkmədən bir rejissorla olan söhbətindən bəhs edib.
“Bu yaxınlarda bir kino tədbirində idik. Rejissorlar, yaşı bizdən böyük aktyor-aktrisalar var idi. Rejissorun biri düz yanımda oturmuşdu. Tədbirdən sonra dedi ki, “Çox istedadlısan, çox potensiallısan, enerji mənbəyisən, amma çox heyif. Məhv olub gedirsən. Xərclənirsən. Yoxsan kinoda. Sən bizim kinoya lazımsan. Kinoya gəlməlisən”. Dedim ki, bütün işlərimi dayandırıb dediyiniz kinoya gəlirəm. Axı kino çəkilmir, o da bunu qəbul etdi. Biz gündəlik olaraq dolanmalıyıq. Mən bilirəm çəkilməliyəm filmlərə. Amma mənim kreditlərim, gündəlik xərclərim onu demir. Ac ol, sənətkar ol deyirlər. Ac sənətkar olmur. Sənətkar ac olsa, necə gedib varlını oynayacaq”, - deyə, Zarina söyləyib.
Qurbanova sözügedən rejissorun onu teatra təqdim edəcəyini, lakin sonra xəbər çıxmadığını deyib:
“Mənə dedi ki, kino yoxdur, teatr var. Dedim əlimdən tut, apar məni teatra. Teatr direktorları yaxşı tanıyır. Hər yerdə varıq. Dedi nömrəmi götür, 2 günə aparıb təqdim edirəm. 1 həftə keçib, xəbər yoxdur”.