Rəssam-modelyer Elnarə Bəkirova ötən il qətlə yetirilən iş adamı atası Kamran Bəkirovla bağlı paylaşım edib.
OLAY yazır ki, Elnarə atasının ölümünün birinci il dönümü olduğunu bildirib:
“Sənsiz keçən 1 il. Yanan ürəyimin sağalmayan yarası. Geri dön, mavi gözlüm. Məni bu haqsız dünyada tək qoyma. Sevdiyin mahnıları dinləyib qəlbimə düşən o dərdi, acını susdurmağa çalışsam da, geriyə sadəcə göz yaşlarım və sənə olan sonsuz sevgim qalır. Qəlbimə elə dərd düşüb ki, ancaq səninlə görüşəcəyim, sənə sarılacağım gün bitər. Bilirəm, qayıtmayacaqsan. Səni bizdən alan o günə lənət olsun”.
Qeyd edək ki, ötən il aprelin 6-da Sabunçu rayonunda 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Prokurorluqdan bildirilib ki, hadisə Nardaran qəsəbəsində pul mübahisəsi zəminində baş verib. K.Bəkirovun küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.