Baş Prokurorluq tanınmış modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovun qətli ilə bağlı cinayət işinin istintaqına etiraz etməsinə münasibət bildirib.
OLAY yazır ki, Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Kamran Bəkirovun öldürülməsinə dair cinayət işinin istintaqı Sabunçu Rayon Prokurorluğunda davam etdirilir:
“İş üzrə 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində Elnarə Bəkirova zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq Cinayət Prosessual qanunvericilikdə müəyyən edilən hüquqları izah olunub və ifadəsi alınıb. Hazırda cinayət işi üzrə istintaq davam edir. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Bundan başqa, Elnarə Bəkirovanın sosial şəbəkə və mediada yayılmış oxşar məzmunlu müraciətində göstərdiyi xüsusatlar istintaqın gedişində tam, hərtərəfli və obyektiv yoxlanılaraq müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Xatırladaq ki, aprelin 6-da Sabunçu rayonunda 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
Prokurorluqdan bildirilib ki, hadisə Nardaran qəsəbəsində pul mübahisəsi zəminində baş verib. K.Bəkirovun küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elnarə Bəkirova instaqramda canlı yayım açaraq etirazını bildirmiş, onun bu çağırışı geniş səs-küyə səbəb olmuşdu.