Tanınmış ssenarist və prodüser Orxan Mərdan “Səma ilə görüş” filminin qala gecəsinə çıxışı ilə damğa vurub.
OLAY yazır ki, onun “Cinemaplus”, indiki “Cinemastercard” kinoteatrlar şəbəkəsi ilə bağlı tənqidi çıxışı diqqət çəkib.
“Nizami Kinoteatrının proyektoru işləmir. Təəssüf ki, biz bu zalın proyektorunu kənardan icarə edib gətirmişik. Belə bir əzəmətli binanın proyektorunun işləməməyi həm bizim öz adımıza, həm Azərbaycan kinosu adına, həm bu işə cavabdeh olan şəxslər adına bir ayıbdır. Mən inanıram ki, yaxın günlər ərzində bu boyda əzəmətli zalın proyektorunu düzəldəcəklər. Ola bilər, deyərsiniz “Bundan sənə nə?”. Amma mən bunu deməyi özümə mənəvi borc bilirəm. İkinci məsələ odur ki, bu film, təəssüf ki, “Cinemaplus” (Cinemastercard - red.) kinoteatrlar şəbəkəsində yayımlanmayacaq. Çünki onlar düşünürlər ki, Azərbaycanda hamıdan ağıllıdırlar və hamıdan güclüdürlər. Onlar düşünürlər ki, istədikləri kimi monopolist davrana bilərlər. Onlar düşünürlər ki, Azərbaycan istehsalçısı türk istehsalçısından həm zəifdir, həm geridə qalıb, həm də kasıbdır. Amma biz nə kasıbıq, nə zəifik, nə də geridə qalmışıq. Ya onlar yerli istehsalçı ilə razılaşmalıdırlar, hörmət etməlidirlər, ya da mən bu işi gördükcə, bu işin başını buraxmalıdırlar, buna da hamınıza söz verirəm. Burada “Zəhər tuluğu”nda əldə edilən nəticəyə görə film yayımlayan dostlarımız da var, onlar müəyyən şərtlərlə razılaşmışdılar. Demək istəyirəm ki, əmin olun, bir gün “Cinemamastercard” bizimlə əlli-əlliyə işləyəcək və bizə heç bir qiymət şərti qoymayacaq. Azərbaycanlı kino işçiləri, biz hörmət olunmağa layiqik, bizi saymalıdırlar, qocası da, cavanı da, ağsaqqalı da, məmuru da, işçisi də. Biz bu işi sırf ürəklə, sevərək, həvəslə edirik”.
Mərdan filmi sponsorsuz çəkdiyindən danışıb:
“Bu filmin heç bir sponsoru yoxdur, hamısını özüm oradan-buradan tapıb çəkmişəm. Tam reklamsız filmə baxacaqsınız. Bu o deməkdir ki, mən Azərbaycan tamaşaçısına da inanıram, Azərbaycan filminə də inanıram, bu sənətkarlara da inanıram. Filmin rejissoru Rüfət Şahbazovdur”.