Dekabr 16-da Tbilisidə Qara Dəniz Oftalmologiya Cəmiyyətinin (BSOS) 21-ci konfransı təşkil olunub.
OLAY yazır ki, tədbirdə ölkəmizi tanınmış oftalmoloq Cahid Şahbazov təmsil edib.
O, konfransla bağlı bunları söyləyib:
“Müasir oftalmoloji klinikanın təşkili, pasiyentlərin əməliyyat öncəsi və sonrası məlumatlandırılması, həmçinin, oftalmologiya sahəsindəki ən son cərrahi yeniliklər və yeni texnologiyaların tətbiqi barəsində çıxışım oldu. Qurduğumuz mərkəz, pasiyentlərə verilən yüksək xidmət, məlumatlandırıcı videolar və broşurlarımız xarici həmkarlarımızın diqqətini çəkdi. Çıxışımın əsas məğzi müasir oftalmoloji klinikanın təşkil olunması, xəstələrin müasir üsullarla müalicəsi və nizamlanması barədə oldu”.
Şahbazov konqres zamanı səmərəliliyi və xəstələrə qulluq keyfiyyətini artırmaq üçün üsullar, həmçinin, ambulator oftalmoloji klinikalarda xəstə axınını optimallaşdırmaq, qabaqcıl texnologiyanı, təcrübəli cərrahların təcrübəsini, sosial mediadan strateji istifadəni, peşəkar heyətin geyimini (uniforma) və xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün çoxşaxəli yanaşmalar təklif edib.
Orada müalicə edilən xəstəliklər, müayinələrdən danışılıb. Həmçinin, xəstələr üçün individual şəkildə hazırlanmış videolar, onların müayinə və əməliyyatdan öncə və sonra məlumatlandırmaq, cərrahi uğurların artırılma yolları haqda informasiya verilib.
Konqres çox böyük maraq doğurub. Cahid Şahbazov çıxışından sonra Misirin Qahirə şəhərində, həmçinin Amerikanın Boston ştatında baş tutacaq iki toplantıya dəvət alıb.
Konfrans zamanı onun qurduğu klinikanın işləmə modeli bir çox xarici klinika üçün örnək olub. Oradakı həkimlər bu modellə daha yaxından tanış olmaq istəyiblər.
Oftalmoloq Gürcüstanın məşhur televiziya kanallarına və media resurslarına müsahibə də verib.
Qeyd edək ki, BSOS 2002-ci ildə Qara dəniz regionu oftalmoloqlarının təşkilatı olaraq üzvlər arasında ünsiyyət və bilik mübadiləsini artırmaq missiyası ilə yaradılıb. Üzv ölkələr: Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadır. Azərbaycan və Yunanıstan assosiativ üzvlərdir. BSOS 2013-cü ildən ICO-nun (Beynəlxalq Oftalmologiya Şurası) üzvüdür.
Hər il üzv ölkələrdən biri konqres təşkil edir. Konqreslər beynəlxalq iştirakçılıqla keçirilib və cəmiyyətin missiyasının təbliğində çox uğurlu olduğunu sübut edib.