WOW
WOW

Gəncədə qadın müğənni qətlə yetirildi

Gəncədə qadın müğənni qətlə yetirildi

Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Kəlbəcər Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.

Qətlə yetirilən Səbinə Abbasovanın xalası Məxluqə Cəfərova bildirib ki, bu gün səhər saatlarında bacısı qızı ona zəng edib: “Səbinə səhər tezdən zəng edib dedi ki, ögey qardaşı gəlib binanın qarşısında məni gözləyir. Biz dedik ki, çıxma, polisə zəng elə. Səbinə daha əvvəl də dəfələrlə polisə müraciət etmişdi, ögey qardaşı ilə arasında münaqişə var idi. Bu zaman Səbinə bizə qulaq asmadan qapıdan çıxıb. Mən gələnə kimi gördüm ki, Səbinə qışqırdı. Çatanda artıq Səbinə can verirdi”.