"Fəxri xiyaban! Gecə saatında iş yoldaşım Əli ilə getdik. Güllər içində hüzurla uyuyan dostumuzu gördük. Biz jurnalistikaya ortalama eyni dövrdə başladıq. Təbii ki, biz Qənirə Paşayeva kimi peşəkar deyildik. Ümumiyyətlə o fərqli idi. Amma bizi birləşdirən onun səmimiyyəti idi. Onun böyük ürəyi idi. Üzərimdə haqqı çoxdur. Heç vaxt haqqını ödəyə bilmərəm".
OLAY yazır ki, bu sözləri sözləri jurnalist Qənirə Ataşova bir neçə gün öncə vəfat edən həmkarı Qənirə Paşayeva haqda yazıb.
"Zamanla yazacam, o necə təzə gələn jurnalistlərə dəstək olurdu. Evə gec döndüm. Gözlərimi yuman kimi yuxuma gəldi. Natavanla bərabər gördüm onu. Hər ikisi məndən hündür qızlar idi. Hər ikisi əlini belimə dolamışdı. Gülümsəyərək gedirdik. İlahi, onlar necə xoşbəxt görünürdü. Gözlərindən gülüşlə bərabər nurlu işıq üzümə düşürdü. Ayıldım, Bakıda səhər açılmışdı. Xəzərdən boylanan payız günəşinin nuru üzümdə idi. Amma mən o nurun içində can dostlarımın ruhunu hiss etdim. Son nəfəsimədək sizi unutmayacam! Sizin olduğunuz dünya necə də gözəl idi…" - deyə Q.Ataşova qeyd edib.