Dekabrın 2-də iki illik fasilədən sonra “Azerbaijan Fashion Week” - Azərbaycan Moda Həftəsi öz işinə başlayıb.
OLAY yazır ki, mövsümi nümayişin ilk günündə Azərbaycan və Qazaxıstanın yeddi moda evi və atelyesinin geyimləri təqdim olunub.
Şüarı “Qayıdış/The return”, rəmzi isə Qarabağ ərazisində bitən endemik gül - Xarı Bülbül olan Azərbaycan Moda Həftəsi “Amelie Baku Couture” moda evinin nümayişi ilə başlayıb. “Amelie” moda evinin yeni kolleksiyasında yer alan istənilən mövsüm üçün aktual olan dəbdəbəli ziyafət geyimləri və gəlinliklər zəngin ənənələrimizə ərməğandır. Dizayner Aygül Əlizadənin təqdim etdiyi kolleksiya ipəkdən, orqanzadan, atlazdan hazırlanmış, əl tikmələri, lələklərlə bəzədilmiş, ağ və pastel rəngli geyimlər əsasında hazırlanıb.
Dəbli NuBi Couture şalvar-kostyumlardan, qısa məxmər donlardan və zərif ziyafət geyimlərindən ibarət eklektik kolleksiya təqdim edib. Nübar Paşazadənin kolleksiyasının rəng diapazonu da müxtəlifdir - açıq mavidən tünd göyə və hətta klassik qaraya qədər.
Əməkdar incəsənət xadimi, modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın yeni kolleksiyanın əsas mövzusu Qarabağ olub. Xüsusilə, bu şou üçün dizayner Xarı Bülbülün unikal təzahürünü yaradıb. Qarabağın gül rəmzi qırmızı paltarın üzərində qədim ebru boyama texnikasından istifadə etməklə “çiçək açıb”.
Məşhur qazaxıstanlı dizayner və stilist Alexey Chzhen Azərbaycan Moda Həftəsində kişilər və qadınlar üçün “ready-to-wear” kolleksiyasını nümayiş etdirib, onu bu işə ruhlandıran başlıca səbəb qarderobun köynək elementi olub. Mürəkkəb biçim, minimalistik, amma orijinal dekor və təvəzökar rəng qamması –Alexey Chzhen kolleksiyasını fərqləndirən xüsusiyyətlərdir.
Bu gün, dekabrın 3-də Azərbaycan Moda Həftəsinin podiumunda Nara Eyvazova, Utopia, Mario Russo, Khanim (Kazakhstan), Giedi yeni kolleksiyalarını nümayiş etdirəcək.
Fotolar: Nuran Məmmədov