Bu gün vəfat edən Xalq artisti Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev atasının vəfatından danışıb.

OLAY yazır ki, tanınmış drijor bu barədə “Xəzər axşamı”na açıqlama verib. O, atasının son günlərindən bəhs edib:

“Həm ailə üzvü kimi, həm də onun tələbəsi kimi ağır dəqiqələr yaşayıram. Daxilən peşmanlıq var, ümidlərimiz var idi ki, yaxşı olacaq. Müalicəsi yaxşı gedirdi, müsbət dinamika var idi. Heydər Əliyev Fondunun rəhbərliyi sağ olsun, müalicəsi zamanı bütün prosedurlara nəzarət edirdilər, bizə dəstək oldular, tək qoymadılar. Dünən evə gətirdik, həkimlər belə yönləndirdi, dedilər, müalicə uğurlu gedir. Gözlənilmədən bu gün səhər saatlarında onu itirdik. Bir neçə xroniki xəstəliyi var idi, əsas böyrək çatışmazlığından əziyyət çəkirdi. Nəfəs almasında, ağ ciyərlərində problem var idi. Hər şey bir neçə saatın içində gözlənilmədən oldu. Şok içindəyik, hələ də özümüzə gələ bilmirik. Bir neçə gündür, süni nfəəs aparatından ayrılmışdı. Rahat danışırdı, hamımızı – məni, qardaşımı, anamı xatırlayırdı. Görüşürdük, klinikaya gedirdik, evə gələndə çox sevincli idi. Mübariz insan idi, elə vəziyyət yarandı ki, bir neçə xəstəlik üst-üstə düşdü, müalicə zamanı yaşın təsiri ilə orqanizim tab gətirə bilmədi. İtkisi hamımız üçün ağırdır, bilirəm ki, yeri həmişə boş qalacaq. Səmimi söhbətlərimiz olmuşdu, dedi ki, bilirsən xeyirlə şər bir yerdədir. Niyə bu sözü dedi, bilmədim... Həmişə deyirdi ki, geyinib getmək istəyirəm. Xəstəxanada da bunu dedi”.