Azərbaycan Kinematoqrafçılar İttifaqı açıqlama yayıb.
OLAY yazır ki, məlumatda seçki prosesində yaranan vəziyyətdən bəhs olunub:
"Azərbaycan Kinematoqrafçılar İttifaqının idarəçiliyində yaranmış vəziyyət, təşkilatın gələcək fəaliyyəti ciddi narahatlıq doğurur.
AKİ-nin İdarə Heyətinin 08 may 2026-cı il tarixli qərarı ilə Konfransın keçirilməsi yekdilliklə təsdiq edilmişdi. Buna baxmayaraq, həmin qərar icra olunmadan, İttifaqın 27 nəfərdən ibarət üzvünün iştirakilə saxta imzalar və yalan dolu bəyanat təşkil edilmiş və bu, təşkilat daxilində hüquqi qeyri-müəyyənlik yaratmış və konfransın işi Nizamnaməyə zidd olaraq qəsdən pozulmuşdur.
Hazırkı mərhələdə İttifaqın səlahiyyətli sədrinin olmaması şəraitində təşkilatın bütün qərarları yalnız Nizamnamənin və “İctimai birliklər haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və İttifaqın nüfuzuna ciddi zərər vura bilər.
Məhz buna görə də hesab edirik ki, vəziyyətdən yeganə hüquqi çıxış yolu İdarə Heyətinin təcili iclasının çağırılması, Konfransın tarixinin qanunvericiliyə uyğun qaydada təsdiq edilməsi və təşkilatın yeni rəhbərliyinin demokratik seçkilər yolu ilə müəyyənləşdirilməsidir.
Şəxsi münasibətlərdən və fərdi mövqelərdən asılı olmayaraq, bütün üzvləri Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqi legitimliyini, nüfuzunu və gələcəyini üstün tutmağa çağırırıq.
İnanırıq ki, yalnız qanunun aliliyinə, Nizamnaməyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan qərarlar təşkilatın normal fəaliyyətini bərpa edə və kino ictimaiyyətində yaranmış gərginliyi aradan qaldıra bilər.
Həmidə Ömərova (Katib)
Oleq Səfərəliyev (Katib)
Əli İsa Cabbarov (İcraçı katib)
Nadir Bədəlov (Katib)
Tahir Tahiroviç (Katib)
Türkan Hüseyn (Katib)”.
Qeyd edək ki, ittifaqa Əli İsa Cabbarov səs çoxluğu ilə sədr seçilmiş, lakin bir qrup üzv bəyanat yayaraq bunun qanunsuz olduğunu iddia etmişdilər.