Bir neçə universitetin tələbələrinə qarşı dələduzluq edilib.
OLAY yazır ki, bu barədə sosial şəbəkələrdə iddialar yayılıb.
Məlumata görə, tələbələrdən məzun günü üçün 195 manat yığılsa da, tədbir keçirilməyib. Bakı Dövlət Universitetinin tələbəsi Tamilla sosial media hesabında paylaşım edərək bunları bildirib:
“24 iyun 2026-cı il tarixində Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün təşkil olunmalı olan məzun gecəsi son anda ləğv edilmişdir. Tədbirə cəmi bir gün qalmış tələbələrə gecənin baş tutmayacağı bildirilib. Tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N. Möhbalıyeva tərəfindən toplanan vəsaitlərlə bağlı tələbələr və valideynlərə hələ də aydın və rəsmi məlumat verilməyib. Tədbir üçün təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanmışdır.
Bizə verilən məlumata görə, təşkilatçı tərəfin ailə üzvləri hesabların dondurulduğunu və bu səbəbdən ödənişlərin geri qaytarılmasının mümkün olmadığını bildiriblər. Həmçinin vəsaitin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur.
Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir. Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik.
Aidiyyəti dövlət qurumlarından, hüquq-mühafizə orqanlarından və media nümayəndələrindən xahiş edirik ki, bu məsələni araşdırsınlar, tələbələrin hüquqlarının qorunmasına və ödənilmiş vəsaitlərin sahiblərinə qaytarılmasına dəstək göstərsinlər.
Məqsədimiz kimisə ittiham etmək deyil. Məqsədimiz tələbələrin ödədiyi vəsaitlərin geri qaytarılması, hadisəyə aydınlıq gətirilməsi və yüzlərlə məzunun haqqının qorunmasıdır”.
“Azdanchoxdanmagazin”ə daxil olan şikayətdə isə eyni halın Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin də yaşadığı qeyd olunub.
Tələbələrdən pul alıb Məzun günü keçirmədilər!