“Söyüş yayan sosial media hesablarına qarşı tədbirlər görülməlidir”.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
“İctimai mənəviyyata zərər vuran məzmuna qarşı tədbirlər gücləndirilə bilər. Artıq uşaqları sosial media və rəqəmsal platformalardan tam uzaqlaşdırmaq mümkün deyil, çünki onların gündəlik həyatı və təhsil prosesi rəqəmsal mühitlə sıx bağlıdır.
Bu səbəbdən ictimai nəzarət və ailə institutunun rolu daha da artır. Əvvəllər ailələr uşaqları müəyyən mühitlərdən uzaq saxlamağa çalışırdısa, indi həmin proses virtual məkanda aparılmalıdır.
Texnologiya şirkətləri və platformalar sürətlə dəyişdiyi üçün qanunvericilik çox vaxt bu dəyişikliklərin arxasınca çatmaqda çətinlik çəkir. Uşaqların zərərli məzmunlardan qorunması üçün müxtəlif filtr və süzgəc mexanizmlərinin tətbiqi vacibdir”, - MŞ sədri qeyd edib.