Bakıda avtomobilin arxasına elan yapışdıran qadın müzakirələrə səbəb olub.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, görüntüləri Təhminə adlı xanım “TikTok” səhifəsində paylaşıb. O, maşının arxasına doğum günü ilə bağlı kağız yapışdırıb və bunu oxuyan digər sürücülərdən səs siqnalı verərək onu təbrik etmələrini xahiş edib.

Görüntülərdən məlum olur ki, digər sürücülər hərəkətdə olarkən səs siqnalı verərək qadını təbrik edirlər. Pozitiv görüntülər isə birmənalı qarşılanmayıb. Bir çoxları bu əməllərin yol hərəkətinin təhlükəsizliyi baxımından yolverilməz olduğunu vurğulayıb.

Son günlər qonşu Türkiyə və digər ölkələrin “TikTok” seqmentində bu kimi elanlar trend olub. Belə ki, bəzi insanlar övladının dünyaya gəlməsi, doğum günü, boşanması və digər əlamətdar günləri ilə bağlı avtomobillərinə elanlar yapışdıraraq diqqəti özlərinə cəlb edirlər. Hətta maşının üzərinə bank kartının nömrəsini yazıb yardım istəyənlərin olduğu da bildirilir.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli saytımıza bildirdi ki, yollarda avtomobillərin lüzumsuz olaraq səs siqnalından istifadə etməsi qanun pozuntusudur:

“Nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən belə hallar istər-istəməz sürücülərin marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.

Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildiririr ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Mövcud qanunvericiliyin tələblərinə əsasən səs siqnallarında iki halda, yəni yol-nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə və yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Digər hallarda isə lüzumsuz olaraq səs siqnallarından istifadə etmək qadağandır.

AR İXM-nin 329.3-cü maddəsinə əsasən səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub”.