Müğənni Natavan Həbibinin səhnə şousu müzakirə yaradıb.
OLAY yazır ki, sənətçinin rəqqaslarının rahibə tərzində kostyumlarla səhnəyə çıxması diqqət çəkib. Natavan “Pagvision”a danışaraq məsələyə aydınlıq gətirib:
“Zamanında ən mürəkkəb üslubun - Jazzın mərkəzi olan Bakımızda bu gün musiqimizin, sənətimizin gəldiyi utancverici mərhələsində, zövqsüz və biabırçı geyimləri efirdə nümayiş etdirən ifaçılarda, fəxrlə təqdim olunan mənasız klip və mahnılarda, savadsız və bəsit ifalarda, ümumilikdə çöküş yaşayan şou-biznes mühitində müzakirəyə daha çox ehtiyac duyulan, daha ciddi problemli mövzular olduğu halda, niyə hələ də bu kimi səhnə obrazları müzakirə obyektinə çevrilsin ki? Hələ 20-ci əsrdən bu günə qədər dünya ulduzları Madonna, Maykl Cekson, Fredi Merkuri, Corc Maykl, indikilərdən Kanye Vest, Rihanna, Teylor Svift, Beyons, Travis Skot, Rozalia kimi çoxsaylı artistlər səhnə performanslarında bu obrazlardan dəfələrlə istifadə ediblər. Və qlobal arenada bu çıxışları maraqla, heyranlıqla izləyən yerli tamaşaçımız bu obrazı bizdə görəndə niyə müzakirə etsin? Bu bir obraz, bu bir təbiət, bu insanlıq halıdır. Bu arada bu sətirlər yeni mahnımızdan anons olsun.
“Madhuskies” rəqs qrupumuzun direktoru Kərim dünyagörüşü və zövqü olan yaradıcı sənətçidir. Düşünürəm ki, 6 illik iş birliyimiz olan rəqs qrupumuz zövqü, geyimi, rəqsi ilə bütün rəqs qruplarından fərqlənir. Müxtəlif ölkələrdən Azərbaycana gələn istedadlı, təcrübəli xanımlarla yanaşı həm də Azərbaycanlı çox istedadlı, səhnəyə yaraşan rəqqaslarla səhnə perfomansı mənim üçün zövq vericidir. Biz bu addıma məhz sənət prizmasından, yaradıcılıq və fərqli bir obraz yaratmaq baxımından yanaşmışıq. Səhnə və şou faktoru olan yerdə heç bir dindən, inancdan söhbət gedə bilməz. Mən çərçivələri sevməyən sənət insanıyam, öz zövqümə, dünyagörüşümə və savadıma çox güvənirəm. Ən zövqlü mahnıları, ən yaddaqalan obrazları və çərçivələri qıran çıxışları məndən gözləyin”.