Parisdə yerləşən məşhur Luvr Muzeyində baş vermiş silahlı qarət hadisəsi ilə bağlı istintaq davam edir.

OLAY yazır ki, fransız mütəxəssislər qarət zamanı cinayətkarların tərk etdiyi əşyalarda tapılmış DNK izlərini araşdırır.

Məlumata əsasən, polis dəbilqə və əlcəkdə DNK izləri aşkar edib. Bu izlər, cinayətkarların tələsik qaçarkən qoyub getdikləri əşyalar üzərində aşkarlanıb.

Hadisə 19 oktyabr səhəri baş verib. Naməlum şəxslər Luvrun “Apolon Qalereyası”na daxil olaraq, oradan 9 ədəd qiymətli zinət əşyasını oğurlayıblar. Artıq oğurlanan eksponatlardan biri – imperatriça Evgeniyanın tacı (Napoleon III-ün həyat yoldaşı) küçədə qırılmış vəziyyətdə tapılıb. Cinayətkarlar hələ də axtarışdadır.

Fransa Mədəniyyət Nazirliyi tərəfindən yayımlanan siyahıya əsasən, oğurlanan əşyalar arasında tiara, boyunbağı, sırğa, həmçinin imperatriça Mariya-Luizaya aid zümrüd boyunbağı və sırğalar, eləcə də “relikvar broş" yer alır.

Hadisə nəticəsində muzeyə dəymiş ziyan 88 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, hüquqşünaslar Luvr muzeyinin mühafizəsində ciddi boşluqlar olduğunu bildiriblər.