Mercedes-Benz Moda Həftəsi çərçivəsində Leyli Zalovanın “Leya Couture” brendi yeni kolleksiyasını təqdim edib.

OLAY yazır ki, “Beyond Silence” adını daşıyan kolleksiya dəb həftəsində nümayiş etdirilib.

Leyli Zalova bu libaslar üçün qadının daxili dünyasından ilham aldığını bildirib.

“Bu kolleksiya zahirən zərif görünən, lakin daxilində böyük güc daşıyan qadınlardan bəhs edir. Hər detal, hər kəsim və hər siluet qadının hisslərini, xarakterini və görünməyən tərəflərini ön plana çıxarmaq üçün yaradılıb”.

Həmçinin dizayner hazırlıq prosesindən də söz açıb:

“Bu işi o qədər sevirəm ki, məni tanıyan hər kəs bilir mən 7/24 işləməkdən zövq alıram. Yaradıcılıq prosesi mənim üçün yorucu deyil, əksinə, ilhamvericidir. Hazırlıq prosesində məni ən çox yoran tərəf isə zaman idi. Hazırda 5 fərqli proyekt üzərində çalışıram”.

L. Zalova moda ilə bağlı suala isə belə cavab verib:

“Moda dünyada baş verən bütün hadisələri və prosesləri cəmiyyətə ötürən ilk vasitələrdən biridir. Bu təsiri kolleksiyamda da əks etdirməyə çalışmışam. Hazırda insanların özünü daha dərindən tanımağa və aydınlanmağa doğru getdiyi bir dövrdə yaşadığımızı düşünürəm”.