10 iyul 2026-cı il tarixində Sea Breeze Walk of Fame Ulduzlar Xiyabanında Türkiyənin ən məşhur müasir aktyorlarından biri Kerem Bürsinin adına ulduzun təntənəli açılış mərasimi keçiriləcək.

OLAY yazır ki, Kerem Bürsin "Güneşi Beklerken", "Şeref Meselesi" və xüsusilə dünyanın 90-dan çox ölkəsində nümayiş olunan "Sen Çal Kapımı" seriallarındakı baş rolları ilə beynəlxalq şöhrət qazanmış türk aktyorudur. O, "Bu Şehir Arkandan Gelecek" serialındakı roluna görə Seoul International Drama Awards mükafatının "Ən yaxşı aktyor" nominasiyasının qalibi olub, həmçinin Türkiyənin ən nüfuzlu televiziya mükafatlarından biri olan Altın Kelebek mükafatına layiq görülüb.

Bu gün Kerem Bürsin Türkiyə kino və televiziya sənayesinin ən tanınmış və ən çox tələb olunan aktyorlarından biri hesab olunur.

Həmin gün Kerem Bürsin ilk dəfə Sea Breeze-də keçiriləcək beynəlxalq IBA Champions’ Night turnirinin fəxri qonağı da olacaq. Gecə çərçivəsində dünyanın ən güclü boksçularının iştirakı ilə altı möhtəşəm döyüş baş tutacaq.

Sea Breeze Walk of Fame Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş ilk və yeganə Ulduzlar Xiyabanıdır. Bu gün burada 38 görkəmli şəxsiyyətin adı əbədiləşdirilib. Onların sırasında Müslüm Maqomayev, Ricky Martin, Will Smith, Nicole Scherzinger, David Foster, In-Grid, Vaqif Mustafazadə və digər dünya şöhrətli sənətçilər yer alır. Ulduzlar Xiyabanı mədəniyyət və incəsənətin inkişafına mühüm töhfə vermiş yeni dünya miqyaslı adlarla zənginləşməyə davam edir.