Özünəməxsus intellektual inkişaf metodikası ilə tanınan 32 yaşlı Cənubi Koreyalı bloqer Li Cin U sosial şəbəkələrdə imtahanlarda köçürməkdə ittiham olunması ilə bağlı yaranan kəskin tənqidlərdən sonra ölü tapılıb.

OLAY yazır ki, polis hadisənin intihar ola biləcəyini ehtimal edir.

Bloqerin meyiti Seul şəhərində, Çonho stansiyasının yaxınlığındakı motellərdən birində aşkarlanıb. Onun yanında qoyduğu qeyddə fiziki və mənəvi tükənmişliyi ölümünə səbəb olan amillər arasında göstərdiyi bildirilir. Bununla belə, Li Cin U imtahanlarda saxtakarlıq etdiyi barədə iddiaları qeyddə təsdiqləməyib.

Məlumata əsasən, bloqer həmin gün səhər saatlarında sosial şəbəkələrdə köçürməkdə ittiham olunduğu test tapşırıqlarını canlı yayımda həll etməli idi. Lakin o, YouTube platformasında yayıma çıxmayıb.

Qeyd edək ki, Li Cin U-nun imtahanda köçürməkdə şübhəli bilinməsinə səbəb onun müsahibə zamanı Cənubi Koreyada hüquq fakültəsinə qəbul olmaq istəyənlərin verdiyi LEET imtahanının cavab vərəqələrini nümayiş etdirməsi olub.

İmtahanda köçürməkdə ittiham olunan bloger ölü tapıldı