Aktrisa Holli Berrinin keçmiş həyat yoldaşı, aktyor Olivye Martines 12 yaşlı oğulları Maseo üzərində tam qəyyumluq hüququ əldə etmək tələbi ilə məhkəməyə müraciət edib.

OLAY yazır ki, kişinin iddiasına görə, 60 yaşlı aktrisa mübahisə zamanı yeniyetməyə hücum edib və onu boğmağa çalışıb.

Martinesin iddiasına görə, sentyabrın 26-da Berri oğlunun virtual reallıq eynəyi ilə oynadığını görüb və dərhal bunu dayandırmasını tələb edib. Yeniyetmə tələsməyib, nəticədə aralarında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra Martinesin sözlərinə görə, Holli oğlunu boğmağa başlayaraq “İndi burada kimin sözünün keçdiyini görürsən?” deyə qışqırıb və ondan təslim olmasını tələb edib.

İlk məhkəmə araşdırmasının nəticələrinə əsasən, Holli Berriyə müvəqqəti olaraq Martinesə və oğluna yaxınlaşmaq qadağan edilib.